Böyük iddialar, pafoslu bəyanatlar və “istehlakçı hüquqlarının müdafiəsi” şüarları… Amma məsələ Fərid Eyvazovun baş həkimi olduğu “Alliance Clinic”ə və ortadakı konkret 146 manatlıq “daxili qəbz” qalmaqalına gələndə bütün bu dövlət nəzarəti mexanizmləri birdən-birə dərin bir sükuta qərq olur.
Faktum.az xatırladır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti öz rəsmi cavabında topu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin meydançasına atmış, vətəndaşın pozulmuş hüquqları ilə bağlı həmin quruma müraciət etməyimizi tövsiyə etmişdi. Biz də verilən “dəyərli” tövsiyəyə riayət edərək, 06.10.2026-cı il tarixində 27 nömrəli rəsmi sorğumuzu birbaşa Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanladıq.
Nəticə? Tam bir ay geridə qalıb, amma sorğudan nə bir səs var, nə bir soraq!
Səbəbini öyrənmək üçün qurumla telefon əlaqəsi saxlayırıq. Telefonda bizə böyük arxayınlıqla deyirlər ki, “müraciətə 15 iş günü ərzində baxılıb cavab verilməlidir”. Qanunun tələb etdiyi həmin 15 iş gününün artıq ötən aydan geridə qaldığını, müddətin çoxdan bitdiyini xatırladanda isə tapdıqları bəhanə daha da absurd olur: “Araşdırmalı məsələ olanda vaxt uzun da ola bilir…”
