Xaricdə təhsil xidmətləri göstərən “Pilgrim Education” şirkətinin vətəndaşlarla bağladığı müqavilələr və ödənilmiş vəsaitlərin geri qaytarılması şərtləri ilə bağlı mübahisələr yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “BakuNews.az” informasiya portalının rəsmi sorğusuna cavab olaraq bildirib ki, hazırda “Pilgrim EDU” MMC ilə əlaqədar bir neçə vətəndaş müraciəti Agentliyin icraatındadır.
BakuNews.az xəbər verir ki, redaksiya 9 oktyabr 2026-cı il tarixində Agentliyə ünvanladığı sorğuda şirkətin xidmət müqavilələrində istehlakçıların hüquqlarının mümkün məhdudlaşdırılması, ödənişlərin geri qaytarılması mexanizmi və vətəndaşların maddi maraqlarının qorunması ilə bağlı 11 konkret sual təqdim edib.
Sorğunun əsasını şirkətin fəaliyyəti barədə redaksiyaya daxil olan müraciətlər və müxtəlif media resurslarında yayımlanmış vətəndaş şikayətləri təşkil edib.
Ödənilən pulun 80 faizi niyə qaytarılmır?
Məsələnin ən çox müzakirə doğuran tərəflərindən biri şirkət rəhbəri Aisa Aslanovanın mediaya açıqlamasında səsləndirdiyi mövqedir.
Həmin açıqlamaya əsasən, tələbənin xarici universitetə qəbulu baş tutmadıqda ödədiyi vəsaitin yalnız 20 faizi geri qaytarılır. Qalan 80 faizin isə sənədlərin hazırlanmasına, ekspertlərin fəaliyyətinə, universitetlərə müraciətlərə və digər xidmət xərclərinə sərf olunduğu bildirilir.
BakuNews.az Agentlik qarşısında mühüm hüquqi sual qaldırıb:
Əgər vətəndaş 2000 manat ödəyibsə və nəticədə ona yalnız 400 manat qaytarılırsa, şirkət saxladığı 1600 manatın hansı xidmətlərə və hansı məbləğlərdə sərf edildiyini sənədlərlə əsaslandırmalıdırmı?
Digər sual isə müqavilədə belə bir şərtin mövcudluğunun şirkətə ödənişin 80 faizini avtomatik saxlamaq hüququ verib-verməməsi ilə bağlı olub.
Dövlət Agentliyi: İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır
Agentliyin redaksiyamıza göndərdiyi rəsmi cavabda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilə azadlığı ilə bağlı müddəalarına istinad edilib.
Bildirilib ki, fiziki və hüquqi şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq sərbəst müqavilələr bağlaya və onların məzmununu müəyyənləşdirə bilərlər.
Lakin burada diqqət çəkən digər hüquqi məqam istehlakçı hüquqlarının müqavilə ilə məhdudlaşdırılmasının yolverilməz olmasıdır.
Agentlik “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə istinad edərək bildirib:
“Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır.”
Rəsmi cavabda həmçinin vurğulanır ki, belə müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, həmin zərər təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.
Bu hüquqi müddəa xüsusilə mühüm sual yaradır: vətəndaşın müqaviləni imzalaması onun qanunla qorunan hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilərmi?
Agentliyin istinad etdiyi qanunvericiliyə görə, istehlakçının qanuni hüquqlarını məhdudlaşdıran şərt yalnız müqavilədə əks olunduğuna və tərəflər tərəfindən imzalandığına görə etibarlı hesab edilə bilməz.
Bununla belə, sözügedən 80 faizlik tutulma şərtinin konkret olaraq qanunsuz olub-olmadığına dair Agentliyin cavabında yekun hüquqi qiymətləndirmə verilməyib.
Universitetə qəbulun baş tutmaması şirkətin məsuliyyətini aradan qaldırırmı?
Agentlik cavabında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyul 2026-cı il tarixli 10 nömrəli qərarına da istinad edib.
Qərarda izah olunur ki, xidmət göstərən tərəf hər zaman konkret nəticənin əldə olunmasına zəmanət vermir. Lakin xidmətin həyata keçirilməsi zamanı peşəkar standartlara uyğun davranmalı, nəzərdə tutulan nəticəyə nail olmaq üçün bütün zəruri, ağlabatan və mümkün vasitələrdən istifadə etməlidir.
Başqa sözlə, tələbənin xarici universitetə qəbul edilməməsi özlüyündə şirkətin müqavilə öhdəliyini pozduğunu sübut etmir.
Ancaq şirkətin qəbul nəticəsinə zəmanət verməməsi onun üzərinə götürdüyü xidmətləri keyfiyyətli, vicdanlı və peşəkar şəkildə yerinə yetirmək öhdəliyini də aradan qaldırmır.
Əgər xidmətin göstərilməsində səhlənkarlıq, müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər təqsirli davranış müəyyən edilərsə, şirkətin hüquqi məsuliyyəti məsələsi yarana bilər.
Şirkət xərclədiyini bildirdiyi vəsaitin hesabatını verməlidirmi?
BakuNews.az-ın sorğusunda xüsusi diqqət ayrılan məsələlərdən biri də vətəndaşlardan alınan pulların hansı istiqamətlərə sərf edilməsinin şəffaflığı olub.
Redaksiya şirkətin xidmət haqqının və üçüncü şəxslərə ödənilmiş faktiki xərclərin ayrıca göstərilməsinin hüquqi baxımdan tələb olunub-olunmadığını soruşub.
Agentlik cavabında bildirib ki, qanunvericiliyə əsasən, xidmət göstərən şəxs istehlakçıya xidmətin qiyməti, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi barədə zəruri və düzgün məlumat verməlidir.
Lakin cavabda konkret olaraq “Pilgrim Education”ın saxladığı vəsaitin hansı hissəsini maliyyə sənədləri ilə əsaslandırmalı olduğu, yaxud hər bir xərc üzrə istehlakçıya hansı sənədlərin təqdim edilməsinin məcburiliyi ayrıca izah olunmayıb.
Bu isə məsələnin hələ də aydınlaşdırılmasına ehtiyac olduğunu göstərir.
Agentlik rəsmən təsdiqlədi: Bir neçə vətəndaş müraciəti icraatdadır
Rəsmi cavabın ən mühüm hissəsi “Pilgrim EDU” MMC ilə bağlı müraciətlərin mövcudluğunun təsdiqlənməsidir.
Agentliyin BakuNews.az-a təqdim etdiyi cavabda bildirilir:
“Hazırda ‘Pilgrim EDU’ MMC ilə bağlı Agentliyin icraatında bir neçə vətəndaş müraciəti mövcuddur. Həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək və nəticəsindən asılı olaraq müvafiq addımlar atılacaqdır.”
Beləliklə, şirkətlə bağlı vətəndaş müraciətlərinin dövlət qurumunun icraatında olduğu rəsmən təsdiqlənib.
Ancaq bu fakt özlüyündə şirkətin qanun pozuntusuna yol verdiyini təsdiqləmir. Bunun müəyyənləşdirilməsi üçün daxil olmuş şikayətlərin araşdırılması və müvafiq hüquqi qiymətləndirmənin aparılması zəruridir.
BakuNews.az-ın bəzi sualları cavabsız qalıb
Qeyd edək ki, redaksiya Agentliyə ünvanladığı sorğuda 11 sualın hər biri üzrə ayrıca və konkret cavab verilməsini istəyib.
Lakin təqdim olunan rəsmi cavabda bəzi məsələlərə dair ümumi qanunvericilik müddəaları izah edilsə də, bir sıra konkret suallara aydınlıq gətirilməyib.
Xüsusilə, şirkətlə bağlı son iki ildə Agentliyə neçə müraciətin daxil olduğu, onların neçəsinə baxıldığı, hansı tədbirlərin görüldüyü və 80 faizlik tutulma şərtinin hüquqi baxımdan qiymətləndirilib-qiymətləndirilmədiyi açıqlanmayıb.
Həmçinin sözügedən şirkətin xidmət müqavilələrinin və geri qaytarma mexanizminin ayrıca yoxlanılmasının nəzərdə tutulub-tutulmadığı barədə konkret məlumat təqdim edilməyib.
Ortada isə ciddi ictimai əhəmiyyət daşıyan sual qalır: Xaricdə təhsil almaq ümidi ilə minlərlə manat ödəyən vətəndaşlar nəticə əldə etmədikdə, onların vəsaitlərinin hansı hissəsinin hansı əsaslarla saxlanıldığı necə müəyyən edilməlidir?
Bu suala cavab verilməsi həm istehlakçıların hüquqlarının müdafiəsi, həm də xaricdə təhsil xidmətləri bazarında şəffaflığın təmin olunması baxımından əhəmiyyətlidir.
Vətəndaşlar hara müraciət edə bilərlər?
Agentlik bildirib ki, istehlakçı hüquqlarının pozulması ilə qarşılaşan şəxslər qurumun rəsmi internet səhifəsi və [office@competition.gov.az](mailto:office@competition.gov.az) elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
BakuNews.az olaraq hesab edirik ki, məsələ yalnız ayrı-ayrı vətəndaşların ödədiyi pulların geri qaytarılması ilə məhdudlaşmır. Burada kommersiya subyektlərinin müqavilə şərtlərinin qanunvericiliyə uyğunluğu, maliyyə şəffaflığı və istehlakçı qarşısında məsuliyyəti kimi mühüm məsələlər gündəmdədir.
Redaksiya “Pilgrim EDU” MMC ilə bağlı Agentliyin icraatında olan müraciətlərin nəticələrini izləyəcək, qəbul ediləcək qərarlar və görüləcək tədbirlər barədə ictimaiyyəti məlumatlandıracaq.
Eyni zamanda, “Pilgrim Education” rəhbərliyinin mövqeyini dərc etməyə və yaranmış suallarla bağlı təqdim ediləcək sənədli izahatları işıqlandırmağa hazırıq.
BakuNews.az
Aknews.az