Azərbaycanda benzinlə bağlı YENİ XƏBƏR


Aİ-95 markalı benzinin istehsalında kəskin azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 65,6 faiz azalıb. Belə ki, cari ilin ilk doqquz ayında 4,06 min ton Aİ-95 istehsal edildiyi halda, ötən ilin müvafiq dövründə bu göstərici 11,8 min ton təşkil edib. Aİ-92 markalı benzinin istehsalında da 0,3 faizlik azalma qeydə alınıb.
Bəs Aİ-95 istehsalının bu qədər azalmasına hansı amillər səbəb olub?

Mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Trend-ə açıqlamasında bildirib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın Aİ-95 markalı avtomobil benzini idxalının 44,4% artaraq 120,5 min tona çatması, idxalın dəyərinin isə 70,7% yüksələrək 120,2 milyon dollar təşkil etməsi ölkənin yanacaq bazarında müəyyən tendensiyalar formalaşdırır.

Bu artım təsadüfi deyil. Çünki eyni zamanda ölkədə Aİ-95 benzininin daxili istehsalında ciddi azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Aİ-95 istehsalının 65,6% azalması, Aİ-92 istehsalının isə cüzi geriləməsi neft emalı sənayesinin mövcud vəziyyəti ilə bağlı müəyyən suallar yaradır. Məsələnin maraqlı tərəfi odur ki, Azərbaycanda neft emalının ümumi həcmi azalmayıb. Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə 4,5 milyon ton neft emal edilib. Bu, əvvəlki ilin eyni dövrünün göstəricisi ilə təxminən eyni səviyyədir.

Deməli, Aİ-95 istehsalının kəskin azalmasını neft emalının ümumi həcminin aşağı düşməsi ilə izah etmək mümkün deyil.

Onun sözlərinə görə, ölkədə avtomobil benzininin ümumi istehsalı cəmi 1% azalıb. Eyni zamanda dizel yanacağının istehsalı 3,4%, ağ neftin istehsalı 19,2%, neft bitumunun istehsalı isə 33,8% azalıb.

"Bunun əksinə olaraq, mazut istehsalında 78,8%-lik artım qeydə alınıb. Bu rəqəmlər neft emalı müəssisəsində istehsal olunan məhsulların strukturunda müəyyən dəyişikliklərin baş verdiyini göstərir.

Məncə, burada diqqəti ilk növbədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun texnoloji imkanlarına yönəltmək lazımdır. Qeyd edim ki, 2015-ci ildən etibarən zavodda genişmiqyaslı yenidənqurma və modernləşdirmə layihəsi həyata keçirilməyə başlanmışdı. Layihənin əsas məqsədlərindən biri müəssisənin illik emal gücünü 6 milyon tondan 7,5 milyon tona çatdırmaq, katalitik krekinq qurğusunun gücünü artırmaq və Avro-5 standartlarına uyğun yanacaq istehsalını təmin etmək idi.

SOCAR-ın açıqlamalarında modernləşdirmə layihəsinin bir sıra mərhələlərinin başa çatdığı, Avro-5 standartlarına uyğun yanacaq istehsal edildiyi bildirilir.Lakin burada keyfiyyətlə istehsal həcmini fərqləndirmək lazımdır. Benzinin Avro-5 standartına uyğun istehsal edilməsi zavodun həmin məhsulu böyük həcmdə və fasiləsiz istehsal etmək imkanına malik olması demək deyil.

Yüksək oktanlı benzininin istehsalı üçün xüsusi komponentlər və müvafiq texnoloji proseslər tələb olunur. Buna görə də zavodun emal etdiyi xam neftin həcmi dəyişməsə belə, yüksək oktanlı benzinin istehsalı texnoloji qurğuların imkanlarından, onların iş rejimindən və istehsal strukturundan asılıdır.Məhz bu baxımdan ötən il kiçik həcmdə olan Aİ-95 istehsalının bu il daha da azalmasını xammal çatışmazlığından daha çox mövcud emal kompleksinin texnoloji imkanları və istehsal rejimi ilə əlaqələndirmək daha məntiqli görünür", - deyə o bildirib.

Ekspert əlavə edib ki, digər tərəfdən, 2026-cı il iyunun 11-də iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun Azərbaycanda yeni neft emalı zavodunun tikintisi ilə bağlı açıqlaması da diqqətəlayiqdir.

"Nazirin sözlərinə görə, hökumət yeni zavodun tikintisi ilə bağlı qərar qəbul edib və yeni emal müəssisəsinin tikintisinin təxminən 5-6 il ərzində başa çatdırılması nəzərdə tutulur. Hələlik bununla bağlı hansısa əlavə məlumat verilməyib.

Ümumiyyətlə, neft emalı zavodunun modernləşdirilməsinin başa çatması ilə bağlı və ya nə zaman yekunlaşması ilə əlaqədar yeni məlumatlar da yoxdur. Ona görə də Azərbaycanda benzin istehsalının və yüksək oktanlı benzinin isə kəskin azalmasının nə dərəcədə ölkədə yeni NEZ tikintisi ilə əlaqəli olmasını da söyləmək çətindir". -deyə o vurğulayıb.

Aknews.az

Xəbərlər