Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu


Şəkidə külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq bağça müdirinə hökm oxunub.
Şəki şəhərindəki körpələr evi-uşaq bağçasının sabiq müdiri Ruziyyə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmü ilə R.Mahmudova iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onun cəzasının üç ili sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

İttihama görə, R.Mahmudovanın uşaq bağçasına rəhbərlik etdiyi dövrdə maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı əsaslı şübhələr yaranıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı bağçada külli miqdarda mənimsəmə faktları müəyyən edilib və sabiq müdir R.Mahmudova cinayət məsuliyyətinə cəlb olunub.

Məlum olub ki, R.Mahmudova rəhbər vəzifədə işlədiyi müddətdə bir neçə nəfəri bağçaya işə qəbul etsə də, həmin şəxslər faktiki olaraq əmək funksiyalarını yerinə yetirməyib və işə gəlməyiblər.

Araşdırmalar nəticəsində onun rəhbərlik etdiyi dövrdə bağçanın əməkhaqqı fondu üçün ayrılmış ümumilikdə 58 min 509 manat 53 qəpik vəsaitin mənimsənildiyi üzə çıxıb.

Xəbərlər