Salyan rayon sakini Kərimov Alim Ənvər oğlu 01.02.2020-ci ildən 14.07.2021-ci ilə qədər Mübariz Mənsimovun "Palmali" şirkətinin gəmilərində işləyib.
Əvvəl 18 ay "Bəxtiyar Vahabzadə" gəmisində, sonra isə 5 ay "Malik Əliyev" gəmisində işləyib. İndi keçmiş rəhbərindən şikayət edir. Deyir, işində vicdanla çalışıb. Şirkətə heç bir ziyanı dəyməyib. Amma "Palmali"nin onun qarşısında yerinə yetirilməmiş öhdəlikləri var. Beləki, Alim Kərimov "Bəxtiyar Vahabzadə" gəmisində baş mexanik işləyən dövrdə Mübariz Mənsimov həbs edilir.
Bununla əlaqədar şirkətdə narahatlıq, gərginlik yaranmasına baxmayaraq Alim gəmini, işini tərk etmir. Müəyyən müddətdən sonra işdən çıxır, amma gedəndə 5 aylıq məvacibini almır, heç bu məbləği istəmir də.
2023-cü ildə Alim Kərimovun sağlamlığı pozulur, ürəyində ciddi problem yaranır. Həkimlər ona işləməyə icazə vermirlər. O vaxtdan bu günə kimi bu hal davam edir. Maddi vəziyyəti çox çətindir. Fikirləşib ki, bir zaman işçisi olduğum, üzüağ ayrıldığım şirkətə üz tutum.
Özünü xeyriyyəçi kimi tanıdan keçmiş rəhbəri, milyarder Mübariz Mənsimov onu darda qoymaz. Amma sən saydığını say, gör fələk nə sayır. Alimin yazdığı məktub ünvanına çatsa da bir xəbər-ətər yoxdur.
Alim deyir mən Mübarizin dar günündə ehtiyaclarımı unudub onun çətin vaxtında bir neçə ayın maaşını istəmədim ki, kollektivə az da olsa kömək olum. Amma Mübariz Mənsimov deyəsən bu cür yaxşılıqları başa düşən deyil.
Mübarizin sözü-əməli okeanın o tayındakı erməni iş adamları ilə yaxşı tutur. Gəmilərinə Azərbaycan mütəfəkkirlərinin adını vermək vətənpərvərliyin sübutu deyil, gözdən pərdə asmaqdır. Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz. Bu adam rəhm nə olduğunu bilmir.