Bu şəhərdə çimərlik geyimində gəzmək, küçədə cinsi əlaqə və spirtli içki qadağan edilir


Portuqaliyanın məşhur çimərlik qəsəbəsi Albufeyrada çimərlik paltarından başqa heç nə geyinməyən turistlər şəhərdə gəzsələr, böyük cərimələrlə üzləşə bilərlər.

HİT.az xəbər verir ki, "The Independent" qəzetinin yazdığına görə, son zamanlar "parti şəhəri" kimi şöhrət qazanmış cənubdakı Algarve regionunda yerləşən bu kurortun hakimiyyəti şəhərin küçələrində yalnız çimərlik geyimində və ya şortlarla gəzən şəxslərə 1500 avroya qədər cərimə tətbiq etmək təklifi irəli sürüb.

Yeni qaydaların müəllifləri deyirlər ki, təkliflər Albufeyranı "mirasına və şəxsiyyətinə dəyər verən multikultural, ailə dostu və təhlükəsiz yer" kimi qorumaq məqsədi daşıyır.

Şəhər hakimiyyəti qorxur ki, şəhər boyu həddindən artıq ictimai çılpaqlıq yerli əhaliyə və bələdiyyənin turizm məkanı kimi imicinə arzuolunmaz ziyan vura bilər.

Bundan əvvəl internetdə şəhərin əsas küçəsi Rua da Ouradakı barda çılpaq rəqs edən səkkiz britaniyalının viral videoları yayılıb.

Təqdim olunan və hələ son təsdiqlənməmiş sənəddə qeyd olunur ki, ictimai yerlərdə cinsi əlaqə, düşərgə qurmaq, sidiyə getmə və spirtli içki qəbul etmək qadağandır.

Eyni zamanda, yeni qaydalar təkcə küçələrin özlərinə deyil, ictimai yerlərdən görünən müəssisələrin terraslarına, o cümlədən açıq havada yerləşən çimərlik barlarına da şamil ediləcək. Bu o deməkdir ki, bu cür davranışa yol verən müəssisələr də ciddi cərimələrə məruz qala bilər.

Qeyd edək ki, bu, belə qaydaları tətbiq edən ilk Avropa şəhəri deyil - Barselona və Malaqa (hər ikisi İspaniya), Dubrovnik (Xorvatiya), Nitsa (Fransa) və Sorrento (İtaliya) əvvəllər belə tədbirlərə əl atıblar.

Samir

Xəbərlər