Abşeron Mərkəzi Xəstəxanasında şok olay: Səhlənkarlıq ölümə səbəb oldu ?


Abşeron Mərkəzi Xəstəxanasında şok olay: Səhlənkarlıq ölümə səbəb oldu ?

07.01.2025-ci il tarixində Abşeron Mərkəzi Xəstəxanasında baş verən hadisənin təfərrüatı məlum olub. Belə ki, qeyd edilən tarixdə adı çəkilən xəstəxananın təcili yardım bölməsinə xəstə gətirilib. Amma nədənsə Abşeron rayonu Mərkəzi Xəstəxanasının Təcili yardım şöbə müdiri Cavanşir Məhərrəmovun səriştəsizliyi səbəbindən gecə növbəsində cərrahın olmadığı bildirilir. Kadrlardan da açıq şəkildə görünür ki, tibb personalı xəstəni gətirən şəxsə xəstəxanada lazımi tibbi yardımın göstərilməyəcəyini açıq şəkildə ifadə edir. Tibb personalından bir şəxs sürücüyə bildirir ki, əgər xəstə Abşeron xəstəxanasına yerləşdirilərsə, burada həyatını itirə bilər.

Lakin burada tibb personalının da günahı yoxdur. Onlar sadəcə xəstəxanadakı real vəziyyət haqqında vətəndaşı məlumatlandırırlar. Bir müddətdir ki, Abşeron xəstəxanasında baş verən problemlər, idarəetmədəki boşluqlar, Səkinə Sadıqovanın səhiyyəyə deyil, digər məsələlərə önəm verməsi nəticəsində xəstəxana kritik vəziyyətə düşüb.

Məlumatlara görə, xəstəxanaya təcili yardıma ehtiyacı olan xəstə gətirilsə də, qəbul edilməyib. Daha sonra məlum olub ki, həmin xəstə digər xəstəxanaya çatdırılmamış yolda vəfat edib. Bu məsələnin nə qədər doğru və ya yanlış olduğunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Lakin Abşeron xəstəxanasının hazırkı vəziyyəti göstərir ki, bu tibb müəssisəsi təcili şəkildə islahatlara ehtiyac duyur.

Daha bir mühüm məqam odur ki, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıqovanın həyata keçirdiyi "kadr islahatları" nəticəsində yüzlərlə təcrübəli tibb işçisi işsiz qalıb. Illərdir Sumqayıtdakı tibb müəssisələrində çalışan, böyük təcrübəyə malik olan mütəxəssislər Səkinə Sadıqova tərəfindən işdən çıxarılıb, onların ailələri maddi çətinliklərə məhkum edilib.

Maraqlıdır ki, şöbə müdiri vəzifəsini icra edən şəxslər də xəstəxanada özlərini vətəndaşlarla qeyri-etik şəkildə aparır, onlara qarşı kobud davranırlar. Xəstələrə və onların yaxınlarına göstərilən bu münasibət açıq-aşkar səhiyyə sistemindəki dərin problemlərin əks-sədasıdır. Belə bir sistemdə vətəndaşların tibbi xidmətlərdən necə istifadə edəcəyi isə ciddi sual doğurur.

Bütün bu məsələlərin fonunda, Səkinə Sadıqova niyə neqativ fəaliyyəti ilə seçilən şəxslər barəsində Elm və Təhsil Nazirliyinə təqdimat vermir? Bu sual açıq qalır. Əgər aparılan araşdırmalar nəticəsində yeni faktlar üzə çıxarsa, bu, ölkənin səhiyyə sistemində daha böyük problemlərin olduğuna işarə edəcək. Abşeron Mərkəzi Xəstəxanasında baş verən bu son hadisə isə hələ görünən problemlərin yalnız bir hissəsidir.

Həmin kadrları olduğu kimi sizlərə təqdim edirik:


Şəxsin aqibətindən heç bir məlumat əldə edə bilmədik.

Xəbərlər