“Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?”


Son günlər sosial şəbəkələrdə influencer və blogerlərin reklam gəlirləri geniş müzakirələrə səbəb olub.
Bu fonda əsas suallardan biri həmin gəlirlər üzrə vergilərin ödənib-ödənilməməsi məsələsidir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, vergitutma prosesi hər kəs üçün bərabər və ədalətli şəkildə tətbiq edilməlidir:

“Mən bir neçə dəfə müxtəlif çıxışlarımda, müsahibələrimdə və açıq şəkildə verdiyim bəyanatlarda bildirmişəm ki, əgər minimum əməkhaqqı ilə çalışan, ən çətin sahələrdə zəhmət çəkən insanlar – xüsusilə də günboyu ayaq üstə dayanaraq, cəmiyyətin dəcəl və ipə-sapa yatmayan uşaqlarına dərs deyən, ayda 500-600 manat maaş alan müəllimlər – vergi ödəyirsə, deməli, hər bir kəs vergi ödəməyə borcludur”.

Ekspertin sözlərinə görə, bu məsələdə aidiyyəti qurumların rolu da danılmazdır:

“Eyni zamanda, həmin qurumlar bu vergi yığımını təmin etməyə məsuliyyət daşıyır. Təəssüf ki, son bir il ərzində vergi intizamında müəyyən geriləmə müşahidə olunur. Mən hesab edirəm ki, əvvəlki dövrlərdə bu məsələyə daha ciddi və məsuliyyətli yanaşılırdı.

Məsələn, bir müddət əvvəl post-terminal təqdim etməyən sahibkarlar bu məsələni ciddiyə alır, vətəndaş tələb etdikdə təqdim etməyə çalışır, cərimədən çəkinirdilər. Lakin bu ay bir neçə bölgəmizdə şəxsən şahid oldum ki, sahibkarlar post-terminal təqdim etməkdən açıq şəkildə imtina edirlər. Hətta özüm birinə sual verdim ki, cərimələnməkdən qorxmursunuz? Cavabında rahat şəkildə gülərək ‘yox’ dedilər”.

Eldəniz Əmirov qeyd edib ki, ümumilikdə, vergi intizamının gücləndirilməsi üçün müxtəlif dövrlərdə kompleks tədbirlər həyata keçirilib və bəzi sahələrdə ciddi irəliləyişlər əldə olunub. Lakin bu proses hələ də tam oturuşmayıb:

“Bəzi bölgələrdə və sahələrdə – o cümlədən blogerlər və bu kateqoriyaya aid şəxslərin fəaliyyətində – bu istiqamətdə problemlər qalmaqdadır. Bu, sadə və tək mərhələli proses deyil. Burada həm sistemli yanaşma, həm də müəyyən əmək sərf olunması vacibdir. Hesab edirəm ki, bu sahədə effektiv və işlək mexanizmlər hazırlanmalı, nəzarət gücləndirilməlidir. Bütün hallarda aidiyyəti qurumlar bu istiqamətdəki problemlərin həllinə birbaşa məsuliyyət daşıyır”.
Aknews.az

Xəbərlər