“Visa Infinite” kart sahibləri narazıdır: "Banklar reklam vədlərini yerinə yetirmir"


“Visa Infinite” kartlarını təqdim edən bəzi banklarla bağlı şikayətlər artır. Müştərilər bildirirlər ki, reklam olunan xidmətlər reallıqda ya işləmir, ya da formal cavablarla yola verilir.
32gun.az xəbər verir ki, "Rabitəbank" və "Expressbank"-dan illik 300 AZN ödəməklə “Visa Infinite” kartı əldə edən vətəndaşlar xarici səfərlər zamanı onlara təklif olunacağı bildirilən üstünlüklərdən yararlana bilmədiklərini deyirlər. Reklamlarda il ərzində 6 dəfə hava limanına pulsuz transfer və VIP zonaya giriş imkanı vəd edilsə də, xidmətin işlək mexanizmi görünmür.

Kart sahiblərindən biri olan Tural Əfəndi Muftizadə şikayətini belə ifadə edib:

“Səfərdən 24-48 saat əvvəl xəbər verin dedilər, qeydiyyatdan keçdik, Telegram vasitəsilə müraciət etdik. Amma sonda əməyimiz boşa getdi. Verdikləri cavablar yalnız hazır, standart mətnlərdən ibarət idi. Real xidmət sıfır.”

Narazı müştəri əlavə edir ki, əgər bank bu xidməti təqdim edirsə, məsuliyyəti də daşımalıdır:

“Əgər bu xidmət varsa, zəhmət çək, bir nəfər əməkdaş ayır, problem yarananda müştəriyə kömək et. Kartı satıb aradan çıxmaqla iş bitmir.”
Aknews.az

Xəbərlər