Azərbaycanda bir müddətdir təhsil sektorunun adıyla fəaliyyət göstərən, amma daha çox “təhsil fırıldağı akademiyası”na bənzəyən şirkətlər peyda olub. Onlardan biri də “Pilgrim Education” adlı müəmmalı qurumdur. Adı hər nə qədər ziyarətçi ruhu versə də, fəaliyyətləri daha çox turist kimi gənclərin cibinə “ekspedisiyaya” çıxan kommersiyaçılara bənzəyir.
Şirkət rəsmisi Aisa Aslanova adlı şəxs, hansısa “avropasayağı şarm”la gənclərə və valideynlərə “sizi Oksforda yox, amma oxşar səslənən məktəblərə salarıq” vədləri verir. Ancaq görünən odur ki, bu “təhsil səfəri”nə çıxanlar universitetə deyil, illər boyu “viza gözləmə zalı”na salınır.
Əvvəlcə təmtəraqlı postlar, “partner universitetlər”, “rəsmi agentlik” kimi pafoslu sözlər… Amma sonra? İtmiş sənədlər, zənglərə cavab verməyən ofis, və əlbəttə ki, “viza prosesi uzanır” adlı klassik bəhanə paketi.
Bəzi valideynlər deyir ki, pul verən kimi Pilgrim Education əməkdaşları elə yoxa çıxır ki, NASA belə onların yerini müəyyən edə bilməz. Tələbələr isə “saxta qəbul məktubları” ilə ailələrinə ümid, şirkətə isə qazanc bəxş edirlər.
Ən qəribəsi isə odur ki, bu “təhsil” müəssisəsinin nə lisenziyası var, nə də rəsmi partnyorları. Sadəcə sosial şəbəkələrdə yaradılmış parıltılı görüntülər və bol-bol ingilis sözlü reklamlar. Bu qədər “eğitimsel” yalan, yəqin ki, Harvardın marketinq fakültəsinə tədris materialı olmağa layiqdir.
Ekspertlər deyir ki, bu cür şirkətlər gənclərin arzularını suya salmaqla qalmır, ümumilikdə təhsilə inamı da baltalayır. Axı kim istər ki, övladını “təhsil adı ilə” aldadılmışlar klubuna üzv etsin?
Əziz vətəndaş, siz də “sizi Avropaya göndərəcəyik” deyən bir şirkətlə qarşılaşsanız, əvvəlcə soruşun: “Siz Avropanı xəritədə göstərə bilərsinizmi?”
AKNews.az olaraq Pilgrim Education və Aisa Aslanovanın da mövqeyini dinləməyə hazırıq - əgər ortalıqda hələ bir mövqe qalıbsa…
Yekun olaraq bir sual: Pilgrim Education hansı təhsil yolunu göstərir?
Cavab: "Bilet alın, amma qatar yoxdur."