BALAKƏN TƏHSİLİNDƏ SENSASİON TƏYİNAT


Son illər təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində məktəb direktorlarının imtahan yolu ilə seçilməsi daha çox gənc kadrların rəhbər vəzifələrə təyin olunmasına şərait yaradıb. Bununla belə, bəzi hallarda prosesdən sui-istifadə edildiyi ilə bağlı iddialar da gündəmə gəlir.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Balakən rayonunda belə mübahisəli təyinat baş verib. İddiaya görə, Balakən şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə Qullar kənd 1 nömrəli tam orta məktəbin direktoru Vəfa Emçiyeva gətirilib. Qeyd olunur ki, Vəfa Emçiyevanın Qullar məktəbində rəhbərlik etdiyi dövrdə şagirdlərin qeyri-kafi (iki) qiymət göstəricisi 61% təşkil edib və bu səbəbdən o, sektora dəvət edilərək izahat verməli olub.

Məlumat sahibləri sual edirlər: bu göstəricilər fonunda həmin şəxsin şəhərin ən böyük və nüfuzlu məktəblərindən birinə təyinat alması hansı meyarlarla əsaslandırılıb?

Yerli təhsil işçilərinin iddiasına görə, bu təyinatda Elm və Təhsil naziri Emin Əmrullayevin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın, Balakən təhsil sektorunun müdiri Mehparə Murtuzəliyevanın və Vəfa Emçiyevanın təlimçi statusunun rol oynadığı bildirilir.

İddialar daha da irəli gedir: əgər bir şəxs təlimçidirsə, bu ona uğursuz nəticələr fonunda belə, böyük bir məktəbin rəhbərliyinə gətirilmək imtiyazı verirmi? Bəzi mənbələr bu təyinatın Balakən şəhər icra nümayəndəliyindən qeyri-rəsmi dəstək aldığı barədə də danışırlar.

Məsələnin ciddiliyini nəzərə alaraq, proseslə bağlı araşdırmalarımız davam edəcək.

Stimulxeber.az



Aknews.az

Xəbərlər