Amnistiya aktı müğənni Dəniz Əsədovaya da şamil edilib.
“Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni bu gün cəza çəkdiyi 4 saylı müəssisədən sərbəst buraxılıb.
Onun 22 gün həbs müddəti qalıbmış.
Müğənni “Qafqazinfo”ya açıqlamasında dövlət başçısına təşəkkür edib: “Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, bu humanist addımı atıb bizi ailəmizə qovuşdurdu. Prezident cəzamın çəkilməmiş hissəsini - 22 günü bağışladı, övladlarıma qovuşdum”.
Qeyd edək ki, Dəniz Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında bu ilin mayında 7 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Avqust ayında isə onun cəza müddəti daha 1 ay artırılaraq əvvəlki cəza ilə birləşdirilməklə ümumilikdə 8 ay həbs təyin edilmişdi.
Xatırladaq ki, D. Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər - müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.
Aknews.az