Saxta hüquqi fəaliyyət iddiaları: Səbiyyə Panəliyeva ilə bağlı şikayətlər səngimir


AKnews.az xəbər portalına daxil olan çoxsaylı müraciətlərdə bildirilir ki, özünü hüquqşünas və ya vəkil kimi təqdim etdiyi iddia olunan Səbiyyə Panəliyeva ilə bağlı vətəndaş narazılıqları artmaqda davam edir. Şikayətçilər iddia edirlər ki, o, insanların etibarından sui-istifadə edərək müxtəlif vədlərlə onları aylarla, hətta illərlə aldatmış, lakin verilən öhdəliklər yerinə yetirilməmişdir.

Redaksiyamıza müraciət edənlər arasında yaşlı vətəndaş Novruzov Qafar Süleyman oğlu da var. Onun sözlərinə görə, Səbiyyə Panəliyeva hüquqi məsələsinin qısa müddətdə həll ediləcəyini vəd etsə də, uzun zaman ərzində heç bir real nəticə əldə olunmayıb.

Şikayətçinin iddialarına əsasən, məsələ ilə bağlı jurnalistlərə müraciət edildiyi vaxt Səbiyyə Panəliyeva yenidən əlaqə saxlayaraq səsli mesaj göndərib. Həmin mesajda o, guya bank əməliyyatı aparılması üçün 305 manat məbləğində vəsaitin köçürülməsini istəyib. Bildirilib ki, bu məbləğ hesabdan 3 000 manatın çıxarılması üçün zəruridir və köçürülən pul 30 dəqiqə ərzində geri qaytarılacaq.

İddialara görə, deyilənlər kifayət qədər inandırıcı səsləndiyindən və ailənin maddi imkanları məhdud olduğundan, jurnalist ailənin növbəti dəfə necə aldadıldığını faktiki olaraq müşahidə etmək və prosesi sənədləşdirmək məqsədilə 305 manatı şəxsi vəsaiti hesabına köçürüb. Məqsəd qısa müddət ərzində vəsaitin geri qaytarılıb-qaytarılmayacağını görmək olub.

Lakin göstərilən vaxt ərzində nə pul geri qaytarılıb, nə də Səbiyyə Panəliyeva ilə yenidən əlaqə yaratmaq mümkün olub. Beləliklə, bu məbləğ də şikayətçilərin ifadəsi ilə desək, “itdə getdi, ipdə getdi” misalına çevrilib.

İddialara görə, məsələ bununla da bitməyib. Bildirilir ki, Səbiyyə Panəliyeva gecə yarısına qədər vətəndaşları ardıcıl şəkildə ümidləndirərək, şirin və inandırıcı ifadələrlə onları gözləməyə sövq edib. Hətta saat 23:00 radələrində guya səhər saat 11:00-a qədər 3 005 manatın vətəndaşın hesabına köçürüləcəyini bildirib və bundan sonra “artıq zəng etməyin” məzmunlu mesajla əlaqəni kəsib. Şikayətçilər hesab edirlər ki, bu davranışla o, prosesi tamamladığını və məsuliyyətdən yayındığını düşünüb.

Hadisənin gecə saatlarında baş verməsi ailənin onsuz da ağır olan maddi və psixoloji vəziyyətini daha da çətinləşdirib. Vətəndaşlar bildirirlər ki, baş verənlər təkcə maddi zərər deyil, eyni zamanda etibarın ciddi şəkildə sarsıdılmasıdır.

Qeyd edək ki, bu yazıda yer alan bütün məlumatlar şikayətçi ifadələri və təqdim olunan iddialar əsasında hazırlanıb. AKnews.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı aidiyyəti qurumlara rəsmi sorğuların göndərilməsi və məsələnin hüquqi müstəvidə izlənməsi planlaşdırılır.

Xəbərlər