Mir Cəlal Paşayev 18-də sakinlərə divan tutulur – Haqqını axtaran əzilir?


Bakının Mir Cəlal Paşayev 18 ünvanında yaşayan sakinlər ciddi problemlərlə üzləşiblər. Onların AKnews.AZ-a verdiyi məlumata görə, “Köhnə Ciyərxana” restoranının rəhbərliyi qanunsuz genişlənərək onların yaşayış hüquqlarını pozur. Daha da narahatedici məqam isə odur ki, etiraz edən sakinlər müxtəlif yollarla təzyiqlərə məruz qalırlar.

Sakinlər bildirirlər ki, restoran rəhbərliyi qeyri-qanuni tikinti işləri apararaq binanın ön hissəsində aptek və çayxana açıb. Nəticədə, giriş-çıxış yolları məhdudlaşdırılıb və sakinlərin sərbəst hərəkəti çətinləşib.

Bundan əlavə, restoranın bacasından çıxan tüstü evlərə dolur və nəfəs almağı mümkünsüz edir. Sakinlər artıq pəncərələrini aça bilmədiklərini, evlərində boğucu hava olduğunu deyirlər. Xüsusilə yaşlı sakinlər və azyaşlı uşaqlar üçün bu vəziyyət ciddi sağlamlıq təhlükəsi yaradır.

Sakinlərin iddiasına görə, restoran rəhbərliyi onlara açıq şəkildə bildirir ki, bu işlər artıq Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılıb. Şikayət edən sakinlərə isə müxtəlif formalarda təzyiq göstərilir.

Əgər bu iddia doğrudursa, o zaman sual yaranır: Dövlət qurumları niyə bu qanunsuzluğa göz yumur? Əgər deyilənlər həqiqətə uyğun deyilsə, niyə aidiyyəti orqanlar sakinlərin şikayətlərinə reaksiya vermir?

Aknews.AZ-ın apardığı araşdırmalara görə, “Köhnə Ciyərxana” restoranında çalışanların böyük əksəriyyəti əmək müqaviləsi olmadan işləyir. Mənbələrin məlumatına əsasən, restoranda təxminən 20 nəfər işləyir, lakin onların cəmi 5-6 nəfəri rəsmi qeydiyyatdadır. Bu isə açıq şəkildə vergidən yayınma və qanunsuz işçi çalışdırılması deməkdir.

Bu qanunsuzluq işçiləri sosial təminatdan məhrum etməklə yanaşı, dövlət büdcəsinə ödənilməli olan vergilərin də gizlədilməsinə səbəb olur. Dövlət qurumlarının belə hallara nəzarət etməli olduğu halda, indiyə qədər heç bir tədbir görməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Sakinlər bildirirlər ki, problemlərinin həll olunmaması halında, onlar daha sərt tədbirlərə əl atacaqlar. Prezident Administrasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə və Nəsimi Rayon İcra Hakimiyyətinə şikayətlər ünvanlanıb. Əgər yaxın zamanda nəticə əldə olunmasa, sakinlər etiraz aksiyalarına başlayacaqlarını bildirirlər.

Aknews.AZ məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacaq. Dövlət orqanları ya sakinlərin haqlarını qoruyaraq qanunsuzluğa son qoymalıdır, ya da susqunluq nümayiş etdirərək restoran rəhbərliyinin iddialarını təsdiqləmiş olacaq.

Məsələni izləməyə davam edəcəyik!

Xəbərlər