5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tanınmış iş adamı Ruslan Eyyubov ev dustaqlığına buraxılmasını istəyir.
Bu barədə onun vəkili tərəfindən məhkəməyə vəsatət təqdim olunub.
Müdafiəçi müvəkkilinin daimi yaşayış yerinin olduğunu və istintaqdan yayınma riskinin real görünmədiyini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Lakin məhkəmə təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunmasını və istintaqın yeni başlanmasını nəzərə alaraq vəsatəti rədd edib. Ruslan Eyyubovun həbsdə saxlanılması qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, çox epizodlu cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. İstintaqla “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəisi Rəşad Daşdəmirov və bir neçə gömrükçü də həbs edilib.
“Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın faktiki sahibi isə Ruslan Eyyubovdur. Bu hadisələrdən sonra onun Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi işləyən qardaşı general-mayor Həsən Eyyubov da işdən çıxarılıb. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğullarıdır.//Qafqazinfo
Aknews.az