Bakı metrosunun “Nərimanov” stansiyasında qatarların hərəkətində gecikmələr müşahidə olunub. “Bakı Metropoliteni” QSC-dən Axar.az-a verilən məlumata görə, stansiyada qatarların birində texniki nasazlıq yaranıb və qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılıb.
Bizimesr.az bildirir ki, baş verən nasazlıq səbəbindən “Qırmızı” və “Yaşıl” xətlər üzrə qatarların hərəkətində gecikmələr yaranıb.
Qeyd edək ki, son aylarda Bakı metrosunda qatarların mütəmadi gecikməsi və müxtəlif texniki problemlər sərnişinlər arasında narazılıq doğurur. “Bakı Metropoliteni” rəhbərliyi gecikmələri əsasən sərnişin sıxlığı və minik zamanı qapıların əl ilə saxlanılması ilə əlaqələndirsə də, problemin əsl səbəblərinin fərqli olduğu iddia edilir.
Bizimesr.az-ın adının çəkilməsini istəməyən metro maşinisti ilə apardığı söhbətlərdən məlum olub ki, gecikmələrin əsas səbəbi qatarlarda yaranan texniki nasazlıqlardır.
Məlumata görə, xüsusilə yeni nəsil qatarlarda vaxtında texniki baxımın aparılmaması, baxımsızlıq və orijinal ehtiyat hissələrinin istifadə edilməməsi nəticəsində avtomatik əyləc sistemləri gözlənilmədən işə düşür. Bu isə həm qatarların hərəkətinə mane olur, həm də təhlükəsizlik baxımından ciddi risk yaradır.
Maşinistin sözlərinə görə, bu cür texniki nasazlıqlar gecikmələrə və sərnişinlər arasında narazılığın artmasına səbəb olur. Həmçinin bildirilib ki, yeni qatarların qapılarını əl ilə saxlamaq texniki baxımdan mümkün deyil. Bu baxımdan “Bakı Metropoliteni”nin gecikmələri sərnişinlərin qapıları saxlaması ilə izah etməsi əsassızdır.
Aknews.az