İSTİ YUVADAN SOYUQ ÜMİDSİZLİYƏ...


Dövlətə çağırış: Jurnalistin isti yuvası niyə soyuq edilməlidir?
Jurnalistləri “300–500 manata şantaj edənlər” adı altında bir qələmdə qaralamaq nə ədalətdir, nə də vicdan. Bu ölkədə ömrünü sözə, həqiqətə, dövlətçiliyə bağlayan yüzlərlə qələm sahibi var ki, nə çayxanada şantaj edib, nə də ucuz qalmaqalların arxasınca qaçıb. Onlar illərdir Azərbaycan Nəşriyyatında, bəzən dar otaqlarda, bəzən ortaq məkanda, amma şərəflə çalışıblar.
Bu gün həmin jurnalistlərə “təmir” adı ilə qapı göstərilir, amma alternativ təqdim olunmur. Bu, sadəcə bina məsələsi deyil — bu, münasibət məsələsidir. Dövlətin dayaqlarından biri olan mətbuata münasibətin göstəricisidir.
Bəli, mətbuatda problemlər var. Bəli, peşə adına xələl gətirənlər də az deyil. Amma problemi yaradanla problemi dilə gətirəni eyni tərəziyə qoymaq ən böyük ədalətsizlikdir. Əgər bu ölkədə bir jurnalist dövlətə çağırış edən yazı yazırsa, bu onun düşmənçiliyi deyil!- vətəndaş məsuliyyətidir.
Azərbaycan Nəşriyyatı uzun illər jurnalistlərin isti yuvası olub. İndi isə bu isti yuva soyuq qərarlara qurban verilir. Redaksiyaların aqibəti qeyri-müəyyən saxlanılır, konkret zəmanət verilmir, insanlara “gözləyin” deyilir. Jurnalist isə gözləməklə yox, işləməklə yaşayır.
Bu gün etiraz edənlər küçə adamları deyil. Onlar dövlətin sabahını sözlə qoruyan insanlardır. Onların tələbi də radikal deyil:
alternativ ofis, təmirdən sonra geri dönüşə zəmanət, real vaxt möhləti...
Bu tələblər dövlətə qarşı yox, dövlət naminədir.
Buradan açıq çağırış edirik:
Jurnalistin səsini susdurmaqla problem həll olunmur. Jurnalisti küçəyə çıxarmaqla sabitlik qorunmur. Əksinə, mətbuata sahib çıxmaqla dövlət güclənir.
Bu səs eşidilməlidir. Çünki bu, ayrı-ayrı şəxslərin yox, mətbuatın haqq səsidir.
Və bu səsi dəstəkləmək bu sahədə olan hər kəsin borcudur.

Şəfa Paşayeva
İctimailider.az


Aknews.az

Xəbərlər