Azərbaycanda elektronika mağazalarının fəaliyyəti ilə bağlı artan şikayətlər artıq ciddi narahatlıq doğurur. Alıcılar tez-tez aldadılma, qüsurlu məhsulun satılması, rəsmi zəmanətin olmaması və istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşırlar. Kontakt Home, Baku Electronics, İrşad Electronics, Soliton, World Telecom, Myshops və digər tanınmış mağazalar şəbəkələri ilə bağlı oxşar şikayətlər artıq illərlə gündəmdədir.
Problemin əsas mənbəyi: Rəsmi zəmanət boşluğu
Bütün dünyada istehsalçılar satdıqları məhsula rəsmi zəmanət verir. Bu zəmanət minimum 1 ildən başlayaraq bəzi hallarda 5, 10, hətta 20 ilə qədər davam edir. Bu zaman məhsulda hər hansı texniki nasazlıq yaranarsa, istehlakçı heç bir əlavə xərc çəkmədən məhsulu yenisi ilə əvəz edə və ya təmir etdirə bilir. Azərbaycanda isə bu qayda tətbiq olunmur və rəsmi zəmanət yalnız azsaylı brendlərə şamil olunur.
Zəmanət növləri: Müştərinin bilməli olduqları
İstehlakçılar üçün çox vacib olan zəmanət anlayışı 3 yerə bölünür:
1.Rəsmi Zəmanət – Məhsulun istehsalçısı və ya rəsmi distribütoru tərəfindən verilir. Ən etibarlı və hüquqi cəhətdən qoruyucu zəmanət növüdür.
2.Mağaza Zəmanəti – Elektronika mağazasının özünün verdiyi zəmanətdir. Adətən keyfiyyətsiz və ya istehsalçı ilə əlaqəsi olmayan məhsullarda tətbiq edilir.
3.Servis Zəmanəti – Satıcıdan asılı olmayan servis mərkəzləri tərəfindən verilir. Bu zəmanətin hüquqi qüvvəsi çox zəifdir.
İstehlakçılara yalnız rəsmi zəmanətli məhsul almaq tövsiyə olunur. Çünki yalnız bu halda istehsalçı məhsulun arxasında dayanır və müştərinin hüquqları qorunur.
Elektronika mağazalarının adi fırıldaqları
Əldə olunan müşahidələrə əsasən, elektronika mağazalarında aşağıdakı fırıldaqçılıq halları geniş yayılıb:
İşlənmiş və ya qüsurlu məhsulun yeni kimi satılması
Vitrin məhsullarının yenidən qutulanaraq anbardan gəlmiş kimi təqdim edilməsi
Təmir olunmuş məhsulun yeni adı ilə satılması
Müştəridən qayıdan məhsulun formatlanıb yenidən satışa çıxarılması
Servisin qərəzli "zərbə alıb" rəyilə məhsulun geri alınmasından imtina etməsi
Bu halların baş verməsinə səbəb həm də satış hədəflərinə çatmaq üçün mağaza rəhbərliyinin və baş ofisin əməkdaşlara təzyiq göstərməsidir.
Azərbaycandakı elektronika mağazalarında çalışan satış məsləhətçiləri əsasən bonus sistemi ilə çalışır. Hər brend satış məsləhətçisinə daha çox bonus vəd edərsə, həmin brend daha çox satılır. Bu isə müştərinin ehtiyacına uyğun məhsulun yox, satıcının marağında olan məhsulun satılması ilə nəticələnir.
Bəzi mağazalar şəbəkələri özləri üçün Çində məhsul sifariş edərək üzərinə uydurma adlar qoyur və satışa çıxarırlar. Məsələn:
Kontakt Home – Hoffman
Soliton – Riffel
Bu məhsulların dünya bazarında heç bir tanınmışlığı və keyfiyyət təminatı yoxdur. Qüsur çıxdıqda nə istehsalçıya, nə də rəsmi servislərə müraciət etmək mümkün deyil.
1.Yalnız rəsmi zəmanətli məhsul alın.
2.Vitrin məhsulu almaqdan imtina edin, anbardan qapalı qutu tələb edin.
3.Qutunun gözünüzün önündə açılmasını istəyin.
4.Məhsulu yerindəcə yoxlayın və sənədləri diqqətlə oxuyun.
5.Bonus sisteminə görə qərəzli ola biləcək satış məsləhətçilərindən məsləhət almayın.
6.Araşdırmadan məhsul almayın – şikayət olunan mağazalardan uzaq durun.
7."Qızıl", "Gümüş", "Bürünc zəmanət" kimi əlavə ödənişli zəmanət paketlərinə inanmayın.
İstehlakçıların hüquqlarının qorunması üçün ölkədə qanunvericilik bazası təkmilləşdirilməli, elektronika mağazalarının rəsmi zəmanət öhdəliyi daşıması qanunla tələb olunmalıdır. Bu sahədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti daha sərt və effektiv tədbirlər görməlidir. Əks halda, fırıldaqlar davam edəcək, istehlakçı hüquqları isə pozulmağa davam edəcək.
Aknews.az