Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva bu günlərdə oğluna Bakının ən dəbdəbəli restoranlarından birində toy mərasimi təşkil edib. “Meridian Park Luxury” restoranında keçirilən toy məclisi yalnız dəvətlilərin deyil, sosial şəbəkə istifadəçilərinin və ictimaiyyətin də diqqətini cəlb edib.
AKnews.az-ın əldə etdiyi məlumata görə, toyda tanınmış ifaçılar – Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Murad Arif səhnəyə çıxıb. Bildirilir ki, bu sənətçilərin yalnız yarım saatlıq çıxış qiyməti 10-15 min manat arasında dəyişir. Bununla yanaşı, qeyd olunan məkanda bir nəfərlik menyunun 200 manatdan başladığı nəzərə alınsa, mərasimin ümumi xərclərinin yüz min manatlarla ölçüldüyü istisna edilmir.
Maraqlısı odur ki, təhsil sahəsində çalışan bir vəzifəli şəxsin – məktəb direktorunun bu qədər yüksək maliyyə tutumuna malik toy keçirməsi ictimai suallar doğurur. İddialara görə, Balakişiyeva 80-ə yaxın müəllimi məcburi şəkildə toyda iştirak etməyə yönəldib. Müəllimlərin bir qismi bu dəvətin məcburi xarakter daşıdığını, etiraz etməyin isə müxtəlif formalarda nəticələnə biləcəyindən ehtiyat etdiklərini bildiriblər.
Arifə Balakişiyevanın adı daha əvvəl də mediada müxtəlif qalmaqallarla hallanıb. Xüsusilə, məktəblini döymək ittihamı və Siciliya Adalarına rəsmi şəxslərlə birgə istirahətə getməsi haqda yayılan məlumatlar cəmiyyətin diqqətini cəlb etmişdi. Həmin vaxt Abşeron-Xızı Regional Təhsil İdarəsi məsələni təkzib etsə də, ictimai şübhələr hələ də qalır.
Toy məclisi ilə bağlı bu qədər yüksək xərcin mənbəyi barədə rəsmi açıqlama verilməyib. Maraqlıdır ki, bu hal heç bir gəlir bəyannaməsi təqdim etməyən, dövlət vəsaiti hesabına maaş alan təhsil rəhbərlərinin gəlir-xərc balansına dair illərdir ictimai nəzarətin olmamasını yenidən gündəmə gətirir.
İndi cəmiyyət haqlı olaraq soruşur:
Dövlət təhsil müəssisəsində çalışan bir direktor bu qədər maliyyəni hansı vəsaitlə qarşılayır?
Müəllimlər niyə şəxsi məclislərdə iştirak etməyə məcbur edilir?
Təhsil sistemində vəzifədə olan şəxslərin fəaliyyətinə kim nəzarət edir?
AKnews.az olaraq mövzu ilə bağlı Təhsil Nazirliyindən və Abşeron-Xızı Regional Təhsil İdarəsindən rəsmi münasibət gözləyirik.