Prokurorluq Ruslan Eyyubovla bağlı məhkəməyə təqdimat göndərdi


Beş milyonluq siqaret qaçaqmalçılığı cinayəti ilə bağlı ittiham olunan məşhur iş adamı Ruslan Eyyubovun iki aylıq ilkin həbsdə saxlanılma müddəti başa çatır.
Aknews.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bununla bağlı məhkəməyə təqdimat göndərib.

Prokurorluğun təqdimatında yazılır ki, xüsusilə ağır cinayət işi üzrə 2 aylıq ibtidai istintaq müddəti yetərli olmayıb. Ölkə gündəmində olan cinayət işinin dərindən araşdırılmasının zəruriliyi nəzərə alınaraq istintaqın davam etməsi vacibdir.

Nəticə olaraq cinayətin ağırlığı, şahidlərə təsir göstərilməsi imkanı ehtimalı əsas gətirilərək, təqsirləndirilən Ruslan Eyyubovun həbsinin daha bir neçə ay uzadılmasına qərar verilməsi istənilir.

Prokurorluğun təqdimatına gün ərzində Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi Ruslan Eyyubov ötən ilin son ayında həbs edilib. Onun qardaşı general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanından keçdiyindən limanın direktoru, bir neçə gömrükçü və başqa əlaqəli şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər.

Xəbərlər