Dövlət hüquq deməkdir və hüquqdan kənar baş verən heç bir şey dövlətə aid edilə bilməz...
Fevral ayının ən çox diqqət çəkən başçısı Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovdan töhmət alan Suraxanı rayonun başçısı Adil Əliyev oldu. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirəsində Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Müşavirədə yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, digərlərinə isə xəbərdarlıq elan olunub.
Bundan sonra, görünür ki, Eldar Əzizovdan aldığı töhməti “həzm edə bilməyən” Adil Əliyev sosial şəbəkələrdə müxtəlif adamlar vasitəsi ilə özünə “bəy tərifi” kampaniyası başlatdı və belə çıxdı ki, Adil Əliyev “dövlət çevrilişi”nin qarşını alan “qəhrəman”dır və Eldar Əzizov ona töhmət verməklə çox böyük səhv edib...
Maraqlıdır ki, sözü keçən müşavirədə Adil Əliyev ona töhmət verən Bakı şəhər İcra Hakimiyyətinin başçısına etiraz edərək Suraxanıda gördüyü işlər barədə danışmayıb və töhmətə heç bir etirtazını da bildirməyib. Bunun əvəzinə sosial şəbəkələrdən bəzi adamlar vasitəsi ilə özünü dövlət miqyasında bir “qəhrəman” olduğunu Eldar Əzizovun diqqətinə çatdırıb. Heç Adil Əliyevə “bəy tərifi” yazanlar da onun təqribən 2 il müddətində Suraxanıda gördüyü hər hansı işdən danışmayıblar, sadəcə Adil Əliyevə töhmət verilməsinin “ayıb iş” olduğunu Eldar Əzizovun diqqətinə çatdırmaq üçün dəridən-qabıqdan çıxıblar.
Həqiqətdə isə Suraxanı rayonun qəsəbələrində vəziyyət doğrudan da acınacaqlıdır. Küçələrdə olan keçilməz dərələr, aparılan qazıntılar sakinləri boğaza yığıb. Yollardakı çalalarla yanaşı, Suraxanı rayon qaz, elektrik və su təşkilatlarının apardığı qazıntılar sakinlərin əsas şikayətçi olduqları problemlərdir. Məsələ oldadır ki, küçələrdə qazıntı aparan Suraxanı rayon qaz, elektrik və su təşkilatları qazdıqları bir metrdən artıq dərinliyi olan olan dərələri bir neçə həftə doldurmurlar, dolduranda da torpağı dərələr töküb gedirlər. Sonra həmin yol palçıqdan keçilməz hala gəlir. Maraqlıdır ki, həmin təşkilatlar bəzən eyni yeri bir ayda iki-üç dəfə qazırlar...
Adil Əliyevlə bağlı ikinci kuryoz hadisə isə ötən həftənin əvvəlində baş verdi. Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq savxozu ərazisində üç maskalı şəxsin hasar sökməsi ilə bağlı məlumatlar yayıldı. Məlumata görə Hövsanda özlərini guya şəhərsalma və ya icra hakimiyyəti əməkdaşları kimi təqdim edən, lakin kimliklərini açıqlamayan maskalı şəxslər peyda olmuşdu. Onlar evləri və hasarları sökür, üzlərini isə qara maska, qara papaq və qara eynək vasitəsilə gizlədirdilər. Bu söküntü işləri isə heç bir rəsmi sənəd təqdim edilmədən həyata keçirilirdi. Hadisə qəsəbə sakinləri arasında narahatlıq yaratmışdı. Bir çox suallar meydana çıxmışdı: Bu şəxslər kimdir? Hansı qurumu təmsil edirlər? Üzlərini niyə gizlədirlər? Hansı qanun onlara maskalı şəkildə söküntü aparmağa icazə verir? Söküntü qərarları ilə bağlı sakinlərə rəsmi bildiriş təqdim olunubmu?
