Satınalma aparılmadan 52 min manat ödəniləcək – İdris Musayev bunu necə edir?


Dövlət vəsaitinin xərclənməsi zamanı şəffaflıq və rəqabət prinsipləri Azərbaycan qanunvericiliyinin əsas tələblərindən biridir. Buna baxmayaraq, bəzi hallarda dövlət qurumlarının satınalma prosedurlarını həyata keçirmədən müqavilələr bağlaması ilə bağlı məlumatlar gəlir.
Bizimesr.əz bildirir ki, Peşə Təhsilinin İnkişafı Fondu idarə-inzibati binasının yerləşdirilməsi üçün daşınmaz əmlakın icarəsinə 52 942 manat vəsait xərcləməyi planlaşdırır. İcarə müqaviləsinin fiziki şəxs Qurbanova Zenfira Məmmədyar qızı ilə bağlandığı bildirilir.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bağlanan müqavilə ilə bağlı satınalma prosedurunun dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmədiyi qeyd olunur. Bu isə dövlət vəsaitlərinin xərclənməsi zamanı tətbiq edilməli olan prosedurların icrası ilə bağlı suallar yaradır.

Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qurumları və dövlət vəsaiti hesabına fəaliyyət göstərən təşkilatlar mal, iş və xidmətlərin əldə edilməsi zamanı Dövlət satınalmaları haqqında qanun ilə müəyyən edilmiş satınalma üsullarından istifadə etməlidirlər. Qanuna görə satınalma əsasən açıq tender, kotirovka sorğusu və ya müəyyən hallarda bir mənbədən satınalma üsulu ilə həyata keçirilə bilər.

Hətta bir mənbədən satınalma tətbiq olunduğu hallarda belə, qərarın əsaslandırılması və müvafiq məlumatların dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi tələb olunur. Bu mexanizm dövlət vəsaitlərinin xərclənməsində şəffaflığın təmin olunması və potensial təchizatçılar üçün bərabər imkanların yaradılması məqsədi daşıyır.

Mütəxəssislərin fikrincə, satınalma prosedurunun aparılmaması və ya bu barədə məlumatların rəsmi portalda əks olunmaması dövlət satınalmaları sahəsində müəyyən edilmiş qaydaların pozulması kimi qiymətləndirilir.

Maraqlıdır ki, Peşə Təhsilinin İnkişafı Fondunun rəhbəri İdris Musayev 53 min manata yaxın vəsaiti fiziki şəxs Qurbanova Zenfira Məmmədyar qızına hansı qanuni əsaslarla ödəyəcək? Ümumiyyətlə, idarə-inzibati binasının yerləşdirilməsi üçün daşınmaz əmlakın icarəsi zamanı hansı hallar nəzərə alınmalıdır? Bu inzibati bina bu qədər vəsait üçün yararlıdırmı? Bu qədər vəsaitin ödənilməsinə dəyərmi? Bu suallar açıq qalır.

Qeyd edək ki, Peşə Təhsilinin İnkişafı Fondunun rəhbəri İdris Musayevdir.

Məsələ ilə bağlı fondun mövqeyi hələlik açıqlanmayıb.

Xatırladaq ki, dövlət satınalmaları sahəsində nəzarəti həyata keçirən əsas qurumlardan biri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Həmçinin dövlət vəsaitlərinin istifadəsinin auditini Hesablama Palatası həyata keçirir.

Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanacağı təqdirdə materiala əlavə ediləcək.

Aknews.az

Xəbərlər