Dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrinin nəticələrini açıqladı. Ötən il buraxılmış ciddi səhvlərin bir daha təkrar edilməcəyi ümidi ilə siyahıya göz gəzdirdik. Lakin əvvəlki illərdə olduğu kimi, bu il də nəticələrin arxasında ciddi suallar doğuran məqamların qaldığını müşahidə etdik. Artıq ilkin araşdırmalar göstərir ki, bəzi layihələrin qalib seçilməsi qanunvericiliyin ən xırda detallarına qədər nəzərə alınması ilə deyil, daha çox qeyri-rəsmi münasibətlər, tanışlıqlar və qapalı qərar mexanizmləri ilə əlaqəlidir.
Maraqlıdır ki, qrant müsabiqəsi elan edilməmişdən cəmi bir gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi açıqlama verərək bildirmişdi ki, bütün layihələr Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara uyğun şəkildə qiymətləndiriləcək və maliyyələşdiriləcək. Bu bəyanat ictimaiyyətə şəffaf və qaydalara əsaslanan bir proses vəd edirdi. Lakin elan edilən nəticələr həmin vədlərin reallıqla nə qədər uyğunlaşdığını ciddi şəkildə şübhə altına aldı.
Təkcə bir fakt bu şübhələri əsaslandırmaq üçün kifayətdir. Dünən ilk olaraq Qarabağ Dirçəliş Fondu ilə birgə elan edilmiş müsabiqənin nəticələri açıqlanarkən qaliblər arasında “Gilavar Foto Klubu”nun adı böyük qrant kateqoriyasında – 45 min manat məbləğində maliyyə ilə göstərildi. QHT sektorunda bu təşkilatın adı çox yeni olduğu üçün Yenixeber.org olaraq bu məsələni araşdırmalı olduq. Məlum oldu ki, bu təşkilata qrant ayrılarkən, Nazirlər Kabinetinin təsdiq etdiyi qayda nəzərə alınmayıb. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası”nda açıq şəkildə qeyd olunur:
“5.1. Böyük qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:
5.1.4. Layihə təqdim edən QHT-nin son 5 (beş) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr və proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması”.
Bu maddənin məntiqi çox sadədir: böyük məbləğdə dövlət vəsaiti ayrılan təşkilat müəyyən təcrübəyə və fəaliyyət tarixçəsinə malik olmalıdır. Yəni bu kateqoriyada iştirak etmək üçün təşkilatın azı 5 illik fəaliyyəti olmalıdır.
Lakin rəsmi məlumatlara görə “Gilavar Foto Klubu” yalnız 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb(?)
Belə olan halda sual yaranır: qaydalarda açıq şəkildə göstərilən tələblər necə və hansı əsaslarla nəzərə alınmayıb?
Bu fakt sadəcə texniki səhv kimi izah edilə bilməz. Çünki söhbət kiçik formal uyğunsuzluqdan deyil, birbaşa müsabiqənin əsas şərtlərindən birinin pozulmasından gedir. Əgər bu cür fundamental tələblər nəzərə alınmırsa, onda ümumiyyətlə həmin qaydaların mövcudluğu hansı məqsədə xidmət edir?
Təəssüf ki, bu, yeganə problem deyil. İlkin təhlillər göstərir ki, müsabiqə nəticələrində başqa qəribə tendensiyalar da var. Bəzi hallarda böyük ideya və geniş təsir imkanları olan layihələr cəmi 7 min manat maliyyə alır, lakin çox kiçik fəaliyyətlərdən ibarət layihələr 20 min və daha artıq vəsaitlə dəstəklənir. Bu isə qiymətləndirmə meyarlarının nə qədər obyektiv tətbiq olunduğu barədə ciddi suallar doğurur.
Digər diqqət çəkən məqamlardan biri isə bəzi layihələrin QHT-lərin nizamnamə məqsədləri ilə uyğun gəlməməsidir. Bundan əlavə, bir sıra layihələrin faktiki olaraq dövlət qurumlarının onsuz da həyata keçirdiyi fəaliyyətləri təkrarladığı müşahidə olunur. Bu isə həm resursların səmərəsiz xərclənməsi, həm də vətəndaş cəmiyyətinin real təşəbbüslərinin arxa plana keçməsi deməkdir.
Ən təhlükəli tendensiya isə odur ki, bu proses getdikcə formal müsabiqə xarakteri alır. Kağız üzərində qaydalar, komissiyalar və qiymətləndirmə mexanizmləri mövcuddur, lakin real qərarların hansı prinsiplərlə verildiyi barədə ictimaiyyətə aydın izah təqdim edilmir. Belə hallarda isə cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşır: qalib layihələri ideyalar və nəticələr deyil, əlaqələr və tanışlıqlar müəyyən edir.
Əgər doğrudan da vətəndaş cəmiyyətinin inkişafı məqsəd kimi qoyulubsa, onda qrant müsabiqələrinin ən böyük kapitalı etimad olmalıdır. Etimad isə yalnız bir halda yarana bilər - qaydalar hamı üçün eyni tətbiq ediləndə və istisnalar üçün gizli qapılar saxlanılmayanda.
Əks halda, dövlət dəstəyi mexanizmi real təşəbbüsləri stimullaşdırmaq əvəzinə, sadəcə dar bir çevrənin maliyyə mənbəyinə çevrilmək riski ilə üz-üzə qalır.
Digər qanun pozuntuları və şübhəli məqamlarla bağlı növbəti yazılarımızda daha detallı faktları təqdim edəcəyik.
Yenixeber.org
Aknews.az