Bakı aeroportu Novruz bayramında gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək


Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz bayramı günlərində gözlənilən sərnişin artımını nəzərə alaraq martın 20-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Aknews.az-a Bakı aeroportundan məlumat verilib.

Bildirilib ki, bayram günlərində artan səyahət tələbatını qarşılamaq məqsədilə hava limanının bütün xidmətləri fasiləsiz rejimdə çalışacaq. Uçuşların təhlükəsiz və operativ şəkildə həyata keçirilməsi üçün əməliyyat xidmətlərinin fəaliyyəti gücləndiriləcək, sərnişin axınının səmərəli idarə olunması məqsədilə əlavə təşkilati tədbirlər görüləcək.

Sərnişinlərin qeydiyyat prosesini rahat və vaxtında başa çatdırmaları üçün onlara uçuşdan ən azı 2–3 saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur. Həmçinin sərnişinlərə vaxt itkisinin qarşısını almaq üçün uçuşu həyata keçirən aviaşirkətin rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə əvvəlcədən onlayn qeydiyyatdan keçmələri məsləhət görülür.

Şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatmaq üçün "Airport Express" (H1 xətti) fəaliyyət göstərir. Marşrut 28 May metrostansiyası (Nəqliyyat Mübadilə Mərkəzi) və Koroğlu metrostansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində sutka ərzində fasiləsiz (24/7) xidmət göstərir.

Bundan əlavə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminal ərazisində xüsusi "drop-off / pick-up" zolaqları mövcuddur və burada 3 dəqiqəlik qısa dayanma mümkündür. Aeroportun parklanma zonasında isə ilk 15 dəqiqəlik dayanma ödənişsizdir.

Xəbərlər