"SOCAR Trading"ə əlavə 25 milyon dollar kredit ayırılıb


Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "SOCAR Trading" şirkətinə 25 milyon ABŞ dolları məbləğində əlavə maliyyə vəsaiti ayırıb.
Aknews.az "Report"a istinadən xəbər verir ki, bank "SOCAR Trading" üçün bundan əvvəl ayrılmış kredit çərçivəsində əlavə tranşı təsdiqləyib və müvafiq saziş imzalayıb.

Qeyd etmək lazımdır ki, 50 milyon ABŞ dolları məbləğində ilkin ticarət maliyyələşməsi layihəsi hələ 2019-cu ildə təsdiqlənib. Nəticədə QDTİB-in "SOCAR Trading" üçün təsdiqlədiyi maliyyələşmənin ümumi məbləği 75 milyon ABŞ dolları təşkil edib.

Bu layihə QDTİB-in 2019-2022-ci illəri əhatə edən ortamüddətli strategiyası və biznes planında təsbit edilmiş regional əməkdaşlıq mandatını yerinə yetirmək potensialına malikdir. Bu isə Rusiya və Türkiyə arasında ticarət axınlarının artırılması, eləcə də Türkiyə ərazisində yeni neft emalı müəssisəsi üçün təchizatı təmin etməklə strateji inkişaf məqsədlərinə dolayı yolla dəstək göstərilməsi sayəsində mümkündür.

Əməliyyat "SOCAR Trading"in avans ödənişlərinin maliyyələşdirilməsini, eləcə də Azərbaycan və Rusiyadan xam neft və neft məhsullarının göndərilməsindən sonra ixracın maliyyələşdirilməsini nəzərdə tutur. Vəsait İzmirdəki yeni STAR neft emalı zavodu üçün tədarükün təmin edilməsinə, eləcə də Xəzər xam neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə beynəlxalq bazarlara çıxarılmasına yönəldilir.

Hazırda bankın Azərbaycan üzrə ümumi portfeli (Direktorlar Şurası tərəfindən təsdiqlənmiş) 430.794 milyon avro, imzalanmış sazişlərin dəyəri 368.537 milyon avro, ödənilmiş vəsaitlərin məbləği isə 608.035 milyon avro təşkil edir.

Xəbərlər