Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını təsdiqləyib.
Valyuta.az xəbər verir ki, siyahıya “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “PAŞA Bank”, “Bank Respublika” və “Unibank” daxil edilib.
Qeyd edək ki, siyahı 2025-ci illə müqayisədə dəyişməyib. Həmin banklar ötən il də sistem əhəmiyyətli banklar kimi müəyyən edilib.
Sistem əhəmiyyətli bank anlayışı
“Sistem əhəmiyyətli bank” dedikdə maliyyə sistemində böyük paya və təsir imkanına malik olan, problemlə üzləşdiyi halda bütün bank sektoruna və ümumi iqtisadiyyata ciddi risk yarada bilən kredit təşkilatları nəzərdə tutulur. Bu banklar, adətən, iri həcmli aktivlərə, geniş kredit və depozit portfelinə, ölkə üzrə yüksək bazar payına, geniş filial və POS şəbəkəsinə malik olur, həmçinin digər maliyyə institutları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.
Sistem əhəmiyyətli banklara münasibətdə əlavə prudensial tələblər tətbiq olunur. Bunlara daha yüksək kapital adekvatlığı normaları, əlavə kapital buferləri, leverec əmsalı üzrə fərqli tələblər, gücləndirilmiş risk idarəetməsi və daha intensiv nəzarət mexanizmləri daxildir. Azərbaycanda sistem əhəmiyyətli bank anlayışı 2017-ci ildən tətbiq edilir. Müvafiq meyarlar ilkin olaraq 2019-cu ildə təsdiqlənib, sonuncu yenilənmə isə 2025-ci ildə həyata keçirilib. Yenilənmiş “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” Mərkəzi Bankın İdarə Heyətinin 19 mart 2025-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunub və 9 aprel 2025-ci il tarixindən qüvvəyə minib.
Qiymətləndirmə meyarları
Hazırda bankın sistem əhəmiyyətli olub-olmaması xüsusi indikatorlar əsasında hesablanan indeks vasitəsilə müəyyən edilir. İndeks 420 baza bəndi və ya daha yüksək olduqda bank sistem əhəmiyyətli hesab olunur.
Qiymətləndirmə əsasən dörd istiqamət üzrə aparılır:
Ölçü
Cəmi aktivlər (xalis aktivlər və balansdankənar öhdəliklər daxil olmaqla)
Depozit portfeli
Qarşılıqlı bağlılıq
Maliyyə institutları qarşısında öhdəliklər
Maliyyə institutlarında yerləşdirilmiş aktivlər
Qiymətli kağızlar üzrə öhdəliklər
Əvəzolunmazlıq
Ödəniş sistemləri (o cümlədən AZİPS) vasitəsilə aparılan əməliyyatların sayı və həcmi
Əmanətçilərin sayı
Unikal müştəri sayı
Bankomat, POS-terminal və filial şəbəkəsinin miqyası
Mürəkkəblik
Birjadankənar törəmə maliyyə alətləri
Ticarət məqsədilə əldə saxlanılan qiymətli kağızlar
Aknews.az