AzTimes.az xəbər verir ki, tanınmış bloger Alim Cəfərov sosial şəbəkə hesabında Abşeron rayonunda yolların bərbad vəziyyəti ilə bağlı kəskin paylaşım edib.
O bildirib ki, artıq 2 ildir Abşeron Rayon İcra Hakimiyyəti-nə müxtəlif formalarda müraciətlər etsə də, problem öz həllini tapmayıb. Hətta məsələ ilə bağlı televiziya nümayəndələrinin də əraziyə gəldiyini qeyd edən bloger görülən işlərin effekt vermədiyini vurğulayıb:
“2 ildir müraciət edirəm, AzTV-yə qədər çağırmışam, gəlib yolları çəkiblər, amma xeyri yoxdur. Elə bil daşa deyirsən sözü…”
Paylaşımda o, bəzi televiziya proqramlarının bağlanması ilə bağlı müzakirələrə də toxunaraq, problemin mahiyyətinin başqa yerdə olduğunu bildirib. Bloger qeyd edib ki, cəmiyyət real problemlərin həllindən daha çox ikinci dərəcəli mövzulara fokuslanır.
O, xüsusilə Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızı kimi aparıcıların fəaliyyətini nümunə göstərərək onların işinə yanaşmasını yüksək qiymətləndirib:
“Onların komandası qarışqa kimi işləyirdi. Xoşqədəm Hidayətqızı itmiş bir şəxsi tapmaq üçün Rusiyanın ucqar vilayətinə gedib çıxırdı. İş var idi ortada, əmək var idi…”
Alim Cəfərov qeyd edib ki, əgər eyni peşəkarlıq dövlət qurumlarında da tətbiq olunsaydı, vətəndaşların problemləri qısa müddətdə həll edilə bilərdi.
Bloger əsas problemin Məhəmmədi kəndi ərazisində, xüsusilə Tacirin “Bayatı-Şiraz” adlandırdığı küçədə yolların yararsız vəziyyətdə olması ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, məsələ ilə bağlı həm Abşeron Rayon İcra Hakimiyyəti, həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən lazımi tədbirlər görülmür.
Sonda bloger problemin həlli üçün mübarizəsini davam etdirəcəyini qeyd edib:
“Hürə-hürə bu yolları düzəltdirəcəyəm, başqa yolu yoxdur…”
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.
Aknews.az