Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə çalışan bir qrup müəllim rəhbərlik tərəfindən haqsızlığa məruz qaldıqlarını bildirirlər.
Bakunews.az-a müraciət edən musiqi müəllimələri Məmmədova Leyla və Əhmədova Ceyran kollecin direktoru Xoşqədəm Xudiyevanın onlara qarşı ayrı-seçkilik etdiyini və qazı ailəsi olduqları halda qanunla nəzərdə tutulan imtiyazlardan məhrum edildiklərini iddia ediblər.
Müəllimələrin sözlərinə görə, hər iki ailə ölkəmizin Qarabağ uğrunda apardığı müharibələrdə xidmət göstərib:
“Ceyran müəllimənin yoldaşı I Qarabağ müharibəsi veteranı olub, təəssüf ki, artıq dünyasını dəyişib. Mənim yoldaşım isə II Qarabağ müharibəsi iştirakçısı və qazidir, hazırda Laçında xidmət edir. Biz dövlətin imtiyaz verdiyi qazi və hərbçi ailələriyik. Lakin Xoşqədəm Xudiyeva nə dövlətin siyasətini, nə də Konstitusiyanı nəzərə alır.”
Şikayətçilərin iddiasına görə, rəhbərlik dərs saatlarını ədalətsiz şəkildə bölüşdürərək onlara qarşı ayrı-seçkilik edib.
“Sentyabr ayında dərs bölgüsü aparılanda biz Xoşqədəm Xudiyevanın qəbuluna gedərək dərsimizin bərpa edilməsini xahiş etdik. Bildirdik ki, imtiyazlı ailəyik və qanuna əsasən bu məsələdə üstünlük verilməlidir. Lakin Xudiyeva kobud şəkildə cavab verdi: ‘Sənin yoldaşın işləyir, qazanır’. Bu sözlər həm qazilərə, həm də dövlətin prinsiplərinə hörmətsizlikdir.”
Leyla müəllimə həmçinin analıq məzuniyyətində olduğu üçün dərs saatının azaldılmasının qanunsuz olduğunu qeyd edib:
“Əmək Məcəlləsinə əsasən analıq məzuniyyətində olan müəllimin dərs saatı kəsilə bilməz. Mən noyabrda işə qayıtmalı idim, amma rəhbərlik bəhanələrlə saatımı yarım ştat kimi göstərib. Qanun açıq şəkildə deyir ki, analıq məzuniyyətindən qayıdan müəllimin dərs saatı bərpa olunmalıdır.”