Masazırda küçələr bu vəziyyətdə: İcra Hakimiyyəti isə…..


Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində günlərdir yaranmış su basma problemi hələ də aradan qaldırılmayıb. Təxminən bir həftə əvvəl yağan güclü yağışların fəsadları bu günə qədər qalmaqda davam edir.
Aknews.az xəbər verir ki,sakinlərin Bizimesr.az-a bildirdiyinə görə, küçədə hərəkət etmək demək olar ki, mümkünsüz hala gəlib. Problemin həlli üçün aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, indiyədək heç bir konkret tədbir görülməyib.

Vətəndaşların sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinə edilən müraciətlər zamanı onlara ADSEA-ya müraciət etmələri tövsiyə olunur. ADSEA isə öz növbəsində məsuliyyətin Fövqəladə Hallar Nazirliyinə aid olduğunu bildirir. Nəticədə isə qurumlar arasında yönləndirilən sakinlər problemin həllini gözləməkdə davam edirlər.

Bizimesr.az bildirir ki, hazırda ərazi sakinləri gündəlik həyatlarında ciddi çətinliklərlə üzləşirlər. Küçədə suyun qalması nəqliyyatın hərəkətinə, həmçinin insanların evlərinə giriş-çıxışına mane olur.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyətinin yaydığı məlumatlarda rayon ərazisində problemlərin aradan qaldırıldığı, küçələrin sudan təmizləndiyi bildirilsə də, Masazır qəsəbəsinin sözügedən ərazisində vəziyyət bunun əksini göstərir.

Xəbərlər