Məmurlar kanalizasiyanı illərdir belə "yeyiblər"- 100 milyonların kədərli aqibəti....


Son aylar Azərbaycanda müşahidə olunan yağıntılar xüsusilə Bakı və Sumqayıt şəhərlərində ciddi fəsadlara səbəb olub. Paytaxt və ətraf ərazilər demək olar ki, iflic vəziyyətə düşüb, yollar və küçələr keçilməz hala gəlib. Yüzlərlə yaşayış evi su altında qalıb, insanlar isə işıq, qaz və içməli su kimi ən zəruri kommunal xidmətlərdən əziyyət çəkir. Xüsusilə ötən gün Keşlə qəsəbəsi kimi ərazilərin tamamilə su altında qalması vəziyyətin nə qədər ağır olduğunu açıq şəkildə göstərir.
Bizimesr.az bildirir ki, yaranmış vəziyyət cəmiyyətdə ciddi suallar doğurub - bu hadisələr təbii fəlakətin nəticəsidir, yoxsa uzun illər ərzində həll olunmamış infrastruktur problemlərinin məntiqi yekunu?

Şübhəsiz ki, intensiv yağıntılar müəyyən rol oynayır. Lakin əsas məsələ ondan ibarətdir ki, mövcud drenaj və kanalizasiya sistemləri bu cür yüklənməyə tab gətirə bilmir. Kanalizasiya xətlərinin baxımsız qalması, kollektorların üzərində qanunsuz tikililərin inşa edilməsi, su axınlarının qarşısının alınması və şəhərsalma qaydalarının pozulması vəziyyəti daha da ağırlaşdırır. Eyni zamanda araşdırmalar göstərir ki, ayrılan vəsaitlər tamamilə işlərin səmərəli örülməsi üçün xərclənməyib, kanalizasiya sistemləri düzgün qurulmayıb, drenajlar düzgün qurulmayıb.

Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu sahədə problemlərin aradan qaldırılması üçün illərdir kifayət qədər böyük həcmdə maliyyə vəsaiti ayrılıb.

Rəsmi məlumatlara görə, təkcə 2011–2013-cü illər ərzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dövlət büdcəsindən 300 milyon manatdan artıq investisiya yönəldilib. Bu vəsaitin 87 milyon manatı Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində xərclənib, 181 milyon manatı isə 11 rayon mərkəzində müvafiq sistemlərin yenilənməsinə sərf olunub. Bundan əlavə, beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Asiya İnkişaf Bankı və Almaniyanın KfW bankı tərəfindən təxminən 35 milyon dollara yaxın kredit ayrılıb.

Sonrakı illərdə də bu istiqamətdə maliyyələşmə davam edib. 2017-ci ildə 14 layihənin icrası planlaşdırılıb və onların 12-si üçün 14 milyon 200 min manat vəsait ayrılıb. 2019-cu ildə isə Azərsu ASC cəmi iki gün ərzində Bakı qəsəbələrində su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 15 milyon 397 min manatdan çox vəsait ayıraraq 14 tender müqaviləsi imzalayıb. Bu layihələr paytaxtın müxtəlif qəsəbələrini əhatə edib və müəyyən işlərin görüldüyünü göstərir. Amma nəticəsə qəsəbələr suyun altındadır.

2021-ci ilin dövlət büdcəsində sosial və infrastruktur təyinatlı layihələr üçün ümumilikdə 2 milyard 225 milyon manat vəsait nəzərdə tutulub ki, bunun da bir hissəsi su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasına yönəldilib. Daha sonrakı mərhələdə isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən layihələr çərçivəsində müəyyən ərazilərdə yenidənqurma işləri üçün 41,5 milyon manat vəsait ayrılması planlaşdırılıb. Bununla yanaşı, Bakı və Abşeron yarımadasının su-kanalizasiya sistemlərinin 2020–2040-cı illəri əhatə edən modernləşdirilməsi proqramı üzrə ümumilikdə 9,2 milyard manat vəsait nəzərdə tutulub.

Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üçün 41 milyon manatlıq müqavilə imzalanıb. Eyni zamanda, Balakən şəhərində kanalizasiya sisteminin yenidən qurulmasına 21,6 milyon manat vəsait ayrılıb.

Bütün bu rəqəmlər onu göstərir ki, problem maliyyə çatışmazlığında deyil. Əksinə, illər ərzində bu sahəyə yüz milyonlarla, hətta milyardlarla manat vəsait yönəldilib. Lakin buna baxmayaraq, hər güclü yağışdan sonra eyni mənzərənin təkrarlanması ciddi suallar doğurur. Bu isə ayrılan vəsaitlərin effektivliyi, layihələrin icra keyfiyyəti və ümumilikdə idarəetmə mexanizmləri ilə bağlı problemlərin mövcudluğunu göstərir.

Nəticə etibarilə, baş verən hadisələri yalnız təbii fəlakət kimi qiymətləndirmək doğru olmaz. Bu vəziyyət daha çox iqlim faktorları ilə yanaşı, köhnəlmiş infrastruktur, plansız urbanizasiya və uzun illər ərzində həllini tapmayan sistem problemlərinin birgə nəticəsi kimi dəyərləndirilməlidir. Mövcud yanaşma dəyişmədiyi təqdirdə isə ayrılan yeni vəsaitlər belə problemi köklü şəkildə həll etməkdə çətinlik çəkəcək və oxşar hallar gələcəkdə də təkrarlanacaq.

Ən sonda... Bu şirkətlərə diqqət edin! Bunlar əsl araşdırma mövzusudur.

2017-ci ildə "Azərsu" iki gün ərzində ümumilikdə 14 tender müqaviləsi imzalayıb:

- "Sənaye tikinti" MMC ilə "Binəqədi rayonunun 28 may qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min manat dəyərində müqavilə bağlanılıb. -

"Araz-İnşaatçı" MMC ilə "Suraxanı rayonunun Əmircan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.

- "Araz-İnşaatçı" MMC ilə "Suraxanı rayonunun Bülbülə qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.

- "İ and R Construction" MMC ilə "Pirallahı rayonunun Dübəndi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 690 min 885,39 manat dəyərində müqavilə bağlanılıb.

- "Mühəndis Tikinti Layihə" MMC ilə "Zabrat qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.

- "ArchiCO" MMC ilə "Ceyranbatan və Kür su təmizləyici qurğularında 11 ədəd nasos avadanlığının dəyişdirilməsi" barədə 3 milyon 948 min manat dəyərində müqavilə bağlanılıb.

- "Protean Construction" ASC ilə "Binəqədi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 987 min manat dəyərində müqavilə bağlanılıb.

- "Protean Construction" ASC ilə "Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.

- "Eren İnşaat Sanayi ve Ticaret Anonim şirketi"nin Azərbaycan Respublikasındakı filialı ilə "Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 2 milyon 270 min 100 manat dəyərində müqavilə bağlanılıb.

- "Sənaye Tikinti-M" MMC ilə "Abşeron rayonunun Pirəküşkül qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.

- "Mühəndis Tikinti Layihə" MMC ilə "Sabunçu qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 296 min 100 manat dəyərində müqavilə bağlanılıb.

- "İ and R Construction" MMC ilə "Pirallahı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 986 min 839,58 manat dəyərində müqavilə bağlanılıb.

- "Express Xim Servis" MMC ilə “Maştağa qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.

- "Arko Təmir Tikinti Şirkəti" MMC ilə "Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" barədə 789 min 600 manat dəyərində müqavilə bağlanılıb.

Maraqlıdır, görəsən bu şirkətlər hansı məmurlarındır?

Ədil Hüseynov


Aknews.az

Xəbərlər