Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov "Embawood" mebel şirkətinin xidmətindən narazıdır.
AFN.az xəbər verir ki, bu barədə ictimai birlik sədri özünün feyzbuk hesabında məlumat paylaşıb. X.Əhmədov bildirib ki, uzun illərdir sözügedən şirkətin sadiq müştərisi olsa da, sonuncu sifarişi zamanı ciddi problemlərlə qarşılaşıb. Şikayətçinin sözlərinə görə, cari ilin 2 yanvar tarixində şirkətin "İnşaatçılar" metrosu yaxınlığındakı mağazasından giriş dolabı və mətbəx mebeli sifariş verib:
"Mənim “Embawood” şirkəti ilə hər hansı qəsdi-qərəzim yoxdur. Əksinə, illərdir həm öz evimiz, həm də qohumlarım üçün bu şirkətin Masallıdan Bakıya qədər bir çox mağazasından alış-veriş etmişik. Lakin sonuncu sifarişim quraşdırıldıqdan sonra məlum oldu ki, xüsusilə mətbəx mebeli olduqca keyfiyyətsiz hazırlanıb, quraşdırma işləri isə lazımi səviyyədə deyil".
Şirkət məsuliyyətdən yayınmağa çalışır
Məsələ ilə bağlı dəfələrlə müraciət etdiyini deyən X.Əhmədov, şirkət əməkdaşlarının laqeydliyi ilə üzləşdiyini qeyd edib. O bildirib ki, həm mağaza əməkdaşları, həm də "qaynar xətt" vasitəsilə müraciət etsə də, real tədbir görülməyib: "Gələn ustalar qüsurlara baxış keçirsə də, nəticə dəyişmədi. Əksinə, sonuncu dəfə "WhatsApp" vasitəsilə mənə göndərilən səs mesajında əsassız olaraq günahı mənim üzərimə yıxmağa çalışdilər. Guya mebel ehtiyatsızlıqdan zədələnib. Əgər alt hissədə nəmişlik bəhanə edilirsə, yuxarı hissələrdəki qüsurları, keyfiyyətsiz silikon işləmələrini necə izah etmək olar? Bu, məntiqsiz bəhanələrlə məsuliyyətdən yayınmaq cəhdidir".
Məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam
İctimai birlik sədri vurğulayıb ki, qüsurların aradan qaldırılması böyük maliyyə tələb etməsə də, şirkətin müştəriyə qarşı nümayiş etdirdiyi hörmətsiz münasibət qəbuledilməzdir: "Uzun illər müştərisi olduğum şirkətin bu cür laqeydliyi məni məyus edir. Əgər qeyd olunan qüsurlar qısa zamanda aradan qaldırılmasa, hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam".
"Embawood"dan AFN.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət mətbəx mebelinin istismarı ilə bağlı daxil olmuş müştəri müraciəti həll edilib: "Daxili keyfiyyət nəzarəti və müştəri xidmətləri çərçivəsində məsələ şirkətin müvafiq mütəxəssisləri tərəfindən ətraflı şəkildə araşdırılıb. Aparılmış analiz nəticəsində yaranmış texniki çətinliklərin istismar xüsusiyyətləri ilə bağlı olduğu və istifadəçi xətası kimi qiymətləndirildiyi müəyyən edilib. Şirkətin mövcud servis qaydalarına əsasən, bu cür hallar ödənişli əsaslarla aradan qaldırılır. Bununla belə, müştəri məmnuniyyətini prioritet hesab edən "Embawood" standart prosedurlardan kənara çıxaraq əlavə addımlar atıb. İlkin mərhələdə müştəriyə servis xidmətləri üçün 50% endirim təklif olunub. Daha sonra isə istifadəçi xətası təsdiqlənməsinə baxmayaraq, şirkət bütün servis xərclərini öz üzərinə götürmək qərarı verib. Nəticə etibarilə, mətbəx mebel dəstinə servis xidməti tamamilə ödənişsiz şəkildə həyata keçiriləcək və mövcud nasazlıqlar tam aradan qaldırılacaq".
Qeyd edək ki, "Embawood" şirkətinin əsas sahibləri və təsisçiləri Elşad Abbasov və Məşhur Məmmədovdur. Şirkət 1996-cı ildə qurulub. Məşhur Məmmədov həm də Milli Məclisin deputatıdır. Elşad Abbasov isə hazırda şirkətin Müşahidə Şurasına rəhbərlik edir. 2025-ci ilin dekabr ayından etibarən şirkətin baş direktoru vəzifəsinə Emil Əliyev təyin olunub. Şirkət "Embawood" markası ilə yanaşı, "Madeyra" brendinin və müştərilərə kredit xidmətləri göstərən "Embafinans" təşkilatının da sahibidir.
Aknews.az