Bakunews.az-a müraciət edən Ağsu rayon sakini, Ağsu şəhəri, 20 Yanvar küçəsi, ev 7-də yaşayan Orucov Elnur Rafael oğlu işlədiyi müəssisədə baş vermiş ağır istehsalat hadisəsi ilə bağlı ciddi iddialar səsləndirib.
Şikayətçinin sözlərinə görə, o, 30 iyul 2025-ci il tarixində Ağsu rayonunda fəaliyyət göstərən Azərqranata MMC-də fəhlə kimi çalışarkən bədbəxt hadisə ilə üzləşib.
Elnur Orucov bildirir ki, işlədiyi sexdə elektrik arabası ilə yük daşıdığı zaman qəfil yüksək və həyəcanlı səs eşidib. Nə baş verdiyini anlamadığı üçün qorxuya düşərək kənara çəkilməyə çalışıb. Həmin an sol əli işlək vəziyyətdə olan ventilyatorun pərlərinə düşüb.
Onun sözlərinə görə, hadisədən sonrakı anları xatırlamır:
> “Qəfil səs gəldi, çox qorxdum. Nə edəcəyimi bilmədim. Kənara çəkilmək istəyəndə sol əlim ventilyatora düşdü. Ondan sonrasını xatırlamıram. Sonradan öyrəndim ki, məni təxminən bir saat sexdə saxlayıblar.”
Şikayətçi qeyd edir ki, hadisədən sonra 12 gün Ağsu Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Onun sözlərinə görə, ilkin tibbi müdaxilə və cərrahi əməliyyatlar cərrah Fazil həkim tərəfindən həyata keçirilib.
Elnur Orucov iddia edir ki, hadisədən sonra müəssisə rəhbərliyi tərəfindən ona müxtəlif vədlər verilib:
> “Sex rəisi Məmmədov Bəxtiyar Bircəxan oğlu mənə bildirdi ki, sənə əlillik təyin olunacaq, pensiya veriləcək, ailənə maddi köməklik göstəriləcək. Bu vədlərə inanaraq uzun müddət gözlədim. Lakin sonradan verilən sözlərin heç biri yerinə yetirilmədi.”
Şikayətçi hazırda hadisə nəticəsində əmək qabiliyyətinin ciddi şəkildə məhdudlaşdığını, ailəsinin sosial vəziyyətinin ağırlaşdığını bildirir.
Onun iddiasına görə, sonrakı dövrdə Azərqranata MMC-nin rəhbər şəxsləri tərəfindən təzyiqlərlə də üzləşib:
> “Müəssisənin rəhbərliyi tərəfindən mənə və ailəmə qarşı hədələr səsləndirilib. Şikayət etməməyim üçün müxtəlif təzyiq üsullarından istifadə olunduğunu düşünürəm.”
Qeyd edək ki, istehsalat sahələrində baş verən bədbəxt hadisələrin araşdırılması, əmək təhlükəsizliyi qaydalarına əməl olunub-olunmamasının müəyyənləşdirilməsi və işçinin hüquqlarının qorunması aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə daxildir.
Hadisənin hansı şəraitdə baş verdiyi, əmək mühafizəsi qaydalarının təmin olunub-olunmadığı, işçinin istehsalat qəzası üzrə rəsmi qeydiyyata alınıb-alınmadığı və səsləndirilən digər iddiaların doğruluğu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Redaksiyadan: Yazıda yer alan bütün ittiham və iddialar müraciət müəllifinin mövqeyini əks etdirir. Azərqranata MMC-nin, adı çəkilən vəzifəli şəxslərin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Bntv.az