Venesuela və İspaniyanın neft-qaz şirkətləri əməkdaşlıq barədə razılığa gəlib


Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA ilə İspaniyanın "Repsol" şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədin imzalanma mərasimində iştirak edən Venesuela Prezidentinin xüsusi nümayəndəsi Delsi Rodriges bildirib ki, karbohidrogenlər və elektrik enerjisi sahəsində bağlanan bütün sazişlər ölkə əhalisinin rifahına xidmət edir.

Onun sözlərinə görə, PDVSA və "Repsol" Venesuelanın Karbohidrogenlər Nazirliyinin himayəsi altında müxtəlif əməkdaşlıq istiqamətlərini araşdırmaqda davam edir və 2050-ci ilə qədər olan dövr üçün enerji gündəliyi üzərində işləyirlər. Rodriges İspaniya şirkətinin rəhbərliyinə neft sektorunda əməkdaşlığın genişləndirilməsinə görə təşəkkür edib.

Bundan əvvəl tərəflər Venesuelanın şimal-qərbində yerləşən yataqlarda neft və qaz hasilatının artırılmasını nəzərdə tutan razılaşma əldə etmişdilər. Razılaşmanın hasilatın əhəmiyyətli dərəcədə artırılmasına şərait yaradacağı bildirilir.

Qeyd edək ki, Venesuela bazar ertəsi ABŞ-nin "General Electric" şirkəti ilə də ölkənin elektrik enerjisi sisteminin bərpasına dair anlaşma memorandumu imzalayıb.

Aknews.az

Xəbərlər