Ukraynanın “Dinamo Kiyev” klubu Yunanıstanın PAOK komandasına qarşı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi etiraz ünvanlayıb.
Klubun bəyanatında bildirilir ki, iyulun 23-də keçirilən görüş zamanı PAOK azarkeşləri tribunada Rusiya bayrağı nümayiş etdiriblər. “Dinamo” bunu təxribat adlandıraraq UEFA-nın intizam orqanlarını hadisəni araşdırmağa çağırıb.
Bəyanatda, həmçinin PAOK-un bəzi futbolçularının azarkeşlərə müraciət edərək Rusiya bayrağını yığışdırmağı xahiş etdikləri qeyd olunub.
Kiyev klubu futbolun xalqları yaxınlaşdıran vasitə olduğunu vurğulayaraq, UEFA-nı cavab oyunu ərəfəsində hadisəyə qiymət verməyə və bu məsələdə də prinsipial mövqe nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Yunanıstanın Saloniki şəhərində keçiriləcək.
Aknews.az