Bağçada dəhşətə gətirən hadisə: "İki aydır həkimlərdəyik" - VİDEO


Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından ağır xəsarət aldığını iddia edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hadisə təxminən iki ay əvvəl baş verib. Günorta saatlarında bağça müəlliməsi anaya zəng edərək uşağın oynayarkən yıxıldığını və başına qazanın dəydiyini deyib.

O, uşağı götürmək istəsə də, müəllimə buna ehtiyac olmadığını bildirib.

Ramella Nuriyeva qeyd edib ki, axşam uşağı evə aparanda başında və üzündə şişkinlik müşahidə ediblər: “Səhər gördük ki, uşağın üzü tam şişib, gözü qaralıb. Bilmək istəyirəm ki, mənim uşağıma nə olub, hadisə necə baş verib”.

Ananın sözlərinə görə, övladı hazırda da həkim nəzarətindədir və aldığı zədə səbəbindən müalicəsi davam edir:

“Həkimlər vəziyyətini orta ağır qiymətləndiriblər. Altı ay ərzində heç bir zədə almamalıdır, daim dərman qəbul edir”.

O vurğulayıb ki, uşaq müalicələrdən sonra daha əsəbi olub və tez-tez ağlayır. Ramella Nuriyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, iki ay əvvəl baş verdiyi iddia olunan hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.



Aknews.az

Xəbərlər