26 yaşlı Aysel Şabanzadə “Real Azərbaycan”a müraciət edərək “SAFORA” içməli su şirkətində işlədiyini və bir aylıq əməkhaqqının ödənilmədiyini bildirib.
Aysel Şabanzadənin sözlərinə görə, sosial vəziyyətinin ağır olması və azyaşlı övladının bağçaya gedəcək olması səbəbindən iş axtarıb. O, “SAFORA” içməli su adlı müəssisədə aylıq 350 manat əməkhaqqı qarşılığında operator kimi işə başladığını deyir.
Şikayətçinin sözlərinə görə, işi onlayn formada həyata keçirib və rəhbəri Əli adlı şəxs olub. O, hər gün verilən tapşırıqları yerinə yetirdiyini, müştərilərin zəng və mesajlarına cavab verdiyini, həmçinin satışlarla məşğul olduğunu bildirib.
Aysel Şabanzadə iddia edir ki, şirkətin təqdim etdiyi məlumata əsasən, su Gədəbəy rayonunun Novluq bulağından gətirilir və Sulutəpə ərazisində qablaşdırılır.
“Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim. Ay tamam olduqda əməkhaqqımı istədim. Mənə ‘verəcəyik’ dedilər. Lakin bir neçə gün sonra məni müxtəlif nömrələrdən blokladılar, işlədiyim WhatsApp qrupundan çıxardılar.
Şirkətin sosial şəbəkə hesablarından da məni blokladılar”, – deyə Aysel Şabanzadə bildirib.
Şikayətçi qeyd edib ki, Əli adlı rəhbər onunla 077-112-29-43 nömrəsi vasitəsilə əlaqə saxlayıb və işlə bağlı tapşırıqları həmin nömrədən verib. Şirkətin sosial şəbəkə hesablarında qeyd olunan 070-321-02-92 nömrəsinə daxil olan müştəri müraciətlərinə isə onun cavab verdiyini söyləyib.
Aysel Şabanzadə aidiyyəti qurumlara müraciət edərək məsələnin araşdırılmasını və əməkhaqqının ödənilməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş edib:
“26 yaşım var. Sosial durumumuz ağırdır. Uşağım bağçaya gedəcəkdi, ona görə işləmək istəyirdim. Bir ay çalışdım, əməyimin qarşılığını ala bilmədim. Əmək Müfəttişliyi, Dövlət Vergi Xidməti və digər aidiyyəti qurumlardan xahiş edirəm ki, məsələni araşdırsınlar və mənə köməklik göstərsinlər”.
Məsələ ilə bağlı Əli adlı şəxslə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verilmədi.
Aknews.az