“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA


Redaksiyamıza müraciət edən vətəndaş Binəqədi rayonu ərazisində yerləşən “X Petrol” yanacaqdoldurma məntəqəsində avtomobilinə sifariş etdiyi məbləğdən daha az yanacaq vurularaq aldadıldığını bildirib.
Şikayətçinin sözlərinə görə, avtomobilinə 30 manatlıq yanacaq sifariş edib. Yanacaq sayğacındakı məbləğ 23 manatı keçdikdən sonra operator sayğacın qarşısına keçərək boş siqaret qutusunu yanacaqdoldurma aparatının avtomat mexanizminin yerləşdiyi hissəyə daxil edib və yanacağın vurulmasını dayandırıb.
Vətəndaş bildirir ki, həmin anda operator bədəni ilə sayğacın ekranının qarşısını kəsib, aparatın kalkulyatoruna yenidən 30 manat daxil edib və nəticədə 24 manat 75 qəpikdə dayanan göstərici ekranda 30 manatla əvəzlənib.
Şikayətdən sonra Patrul.az əməkdaşları məsələni yerində araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə sözügedən yanacaqdoldurma məntəqəsinə yollanıblar.
Məntəqənin əməkdaşları açıq çəkiliş zamanı ünvanlanan suallara cavab verməkdən imtina edərək yalnız kamera söndürüldükdən sonra danışacaqlarını bildiriblər. Açıq çəkiliş dayandırılsa da, gizli çəkiliş davam etdirilib.
Məhz bundan sonra maraqlı mənzərə ortaya çıxıb. Kamera qarşısında danışmaq istəməyən əməkdaşlar çəkilişin dayandırıldığını düşünərək vətəndaşın səsləndirdiyi faktları təsdiqləyib və baş verənləri etiraf ediblər. Həmin etiraflar Patrul.az-ın apardığı gizli çəkilişdə qeydə alınıb.
Qeyd edək ki, yanacağın vurulması və sayğac göstəricisinin dəyişdirilməsi anı Patrul.az tərəfindən lentə alınmayıb və hadisənin bu hissəsi şikayətçinin təqdim etdiyi məlumatlara əsaslanır. Lakin sonradan məntəqə əməkdaşlarının məsələ ilə bağlı etirafları gizli çəkilişdə öz əksini tapıb.

İnsanların haqqına girmək artıq bu qədərmi rahatlaşıb?

Məsələnin ən narahatedici tərəfi təkcə bir vətəndaşın 5 manat 25 qəpik məbləğində az yanacaq aldığını bildirməsi deyil. Əsas sual budur: əgər belə bir üsul həqiqətən tətbiq edilirsə, bu, yalnız bir dəfə və yalnız bir müştəriyə qarşı baş verib?
Gün ərzində yüzlərlə avtomobilin daxil olduğu yanacaqdoldurma məntəqəsində hər müştərinin sayğaca saniyə-saniyə nəzarət etməsi mümkün deyil. İnsan yanacaqdoldurma məntəqəsinə daxil olaraq pulunu ödəyirsə, qarşılığında ödədiyi məbləğ qədər yanacaq alacağına inanır. Bu etimaddan sui-istifadə etmək isə sadəcə bir neçə manatlıq məsələ kimi qiymətləndirilə bilməz.
Hadisə eyni zamanda “X Petrol” rəhbərliyinin məntəqələrdəki nəzarət mexanizmi ilə bağlı ciddi suallar yaradır. Operator belə bir hərəkəti necə və hansı arxayınlıqla edə bilir? Məntəqədə işçilərin fəaliyyətinə nəzarət edilirmi? Aparatlara və həyata keçirilən satış əməliyyatlarına rəhbərlik tərəfindən hansı formada nəzarət olunur?
Daha ciddi bir sual da cavab gözləyir: baş verənlər ayrı-ayrı əməkdaşların özbaşınalığıdır, yoxsa bu prosesdən məntəqənin və ya şirkətin hansısa rəhbər şəxslərinin məlumatı var?
Patrul.az hazırda rəhbər şəxslərin bu işdə iştirak etdiyini təsdiqləyən fakt təqdim etmir. Buna görə də onların əlinin olub-olmaması yalnız aidiyyəti qurumların aparacağı obyektiv araşdırmadan sonra müəyyən edilə bilər. Lakin məntəqə əməkdaşlarının gizli çəkilişdə qeydə alınan etirafları fonunda bu sualın araşdırılması zəruridir.
Əgər bir müştərinin haqqına bu formada girilibsə, digər müştərilərlə bağlı vəziyyət necədir?
Patrul.az aidiyyəti dövlət qurumlarını “X Petrol”un sözügedən yanacaqdoldurma məntəqəsində ciddi yoxlama aparmağa, yanacaq aparatlarının göstəricilərini və texniki vəziyyətini, satış əməliyyatlarını, mövcud kamera görüntülərini və işçilərin fəaliyyətini araşdırmağa çağırır.
İnsanların halal qazancından ödədiyi pulun qarşılığında ona çatmalı olan məhsuldan kəsmək adi hal kimi qəbul edilə bilməz. Vətəndaş 30 manat ödəyirsə, 30 manatlıq yanacaq almalıdır.

Patrul.az

Aknews.az

Xəbərlər