“Qızımın qulağını burub, əlinə və ağzına vurub”: "Yurdum" bağçası ilə bağlı ŞİKAYƏT


Patrul.az-a 3 yaşlı uşağın Bakıdakı “Yurdum” bağçasında şiddətə məruz qalması ilə bağlı şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, qızı bağçada olduğu müddətdə müəssisənin direktoru Məmmədova Samirə tərəfindən fiziki zorakılığa məruz qalıb. İddia olunur ki, direktor uşağın qulağını güclə dartaraq burub, daha sonra isə əlinə və ağzı nahiyəsinə vurub.

Valideyn bildirir ki, hadisənin səbəbi kimi uşağın bağça yoldaşına dil çıxarması göstərilib. Hadisə zamanı çəkilən görüntülərin ailədə olduğu və sözügedən videoda baş verənlərin əks olunduğu qeyd edilir.

Şikayətçinin sözlərinə görə, hadisə Ramazan ayına təsadüf etdiyindən ailə məsələni ictimailəşdirməyib və həmin vaxt bağçanın rəhbərliyinə qarşı əlavə tədbir görməyib. Bağçanın evlərinə yaxın yerləşməsi və sonradan uşağa daha yaxşı nəzarət ediləcəyinə ümid etdikləri üçün qızlarının həmin müəssisədə təhsilini davam etdirməsinə qərar veriblər.

Lakin valideynin iddiasına əsasən, bir müddət sonra uşaq yenidən fiziki zorakılığa məruz qalıb. Bu dəfə hadisənin başqa müəllimə tərəfindən törədildiyi, uşağın qulağının burulduğu bildirilir. Şikayətçinin sözlərinə görə, həmin vaxt bağçanın kameralarının işləmədiyi məqamdan istifadə olunub.

Valideyn qeyd edir ki, ikinci hadisədən sonra qızı evdə ağlayaraq başına gələnləri danışıb və ailə bundan xəbər tutub.

Ailə baş verənlərlə bağlı narahatlığını ifadə edərək, bağçada uşaqların təhlükəsizliyinin və onlara münasibətin araşdırılmasını istəyir.

Patrul.az olaraq ə “Yurdum” bağçasının rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Aknews.az

Xəbərlər