Masazır Qurtuluş 93-də sakinlərin səbr kasası daşdı: “Artıq burada yaşamaq mümkün deyil” – ŞİKAYƏT


Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksinin sakinləri uzun müddətdir həllini tapmayan problemlərlə bağlı Patrul.az-a müraciət ediblər. Sakinlərin sözlərinə görə, yaşayış kompleksində vəziyyət artıq adi məişət narahatlığı həddini keçərək insanların gündəlik həyatına ciddi şəkildə təsir edən problemlər toplusuna çevrilib.
Sakinlər iddia edirlər ki, demək olar, hər gün elektrik enerjisinin kəsilməsi əsas problemlərdən biridir. Onların sözlərinə görə, işığın hansı səbəbdən kəsildiyi ilə bağlı hər dəfə fərqli açıqlamalar verilir. Bir gün texniki nasazlıq, digər gün ərazidə aparılan işlər səbəb göstərilir.

Sakinlərin isə sualı birdir: ödənişini vaxtında edən vətəndaş niyə davamlı olaraq elektrik enerjisiz qalmalıdır?

“Əgər hansısa iş gedirsə və mən işıq pulumu vaxtında ödəyirəmsə, niyə mənim işığım kəsilməlidir?”

Sakinlər hesab edirlər ki, problem müvəqqəti xarakter daşısaydı, uzun müddət ərzində bu qədər narazılıq yaranmazdı. Onlar aidiyyəti qurumlardan elektrik enerjisinin kəsilməsinin səbəbləri barədə konkret və şəffaf məlumat tələb edirlər.

Yaşıllıqlar azalır, obyektlər artır?

Sakinlərin narazılığı bununla da bitmir. Onların sözlərinə görə, yaşayış kompleksində yaşıllıqların və ağacların məhv edilməsi, eləcə də binaların altında müxtəlif obyektlərin fəaliyyət göstərməsi ilə bağlı ciddi suallar yaranıb.

Sakinlər bildirirlər ki, yaşayış üçün nəzərdə tutulan ərazidə kommersiya obyektlərinin sayının artması insanların onsuz da məhdud olan istirahət imkanlarını daha da azaldır.

Parklar sakinlər üçündür, yoxsa obyektlər üçün?

Qurtuluş 93 sakinlərinin xüsusilə narazı qaldığı məsələlərdən biri də park və istirahət məkanlarının vəziyyətidir.

Sakinlərin iddiasına görə, park ərazilərində kafe, çayxana və digər obyektlərin sayı getdikcə artır. Nəticədə ailələrin, xüsusilə də uşaqların rahat şəkildə istifadə edə biləcəyi məkanlar azalır.

“Parkda gəzməyə çıxırsan, səs-küy olur. Uşaqların rahat oynaya biləcəyi, ailələrin sakit otura biləcəyi yerlər azalır. Hər yerdə kafe, çayxana açılır. İmkanı olan oturur, olmayan isə uşağı ilə parkda belə rahat vaxt keçirə bilmir”.

Sakinlərin fikrincə, parkların əsas funksiyası kommersiya fəaliyyəti üçün deyil, insanların rahat istirahəti üçün qorunmalıdır.

Sahibsiz heyvanlarla bağlı vəziyyət də narahatlıq doğurur

Müraciətdə sahibsiz heyvanlarla bağlı problem də xüsusi vurğulanıb. Sakinlər bildirirlər ki, ərazidə heyvanlar üçün kifayət qədər su və yem qabları yoxdur.

Onların sözlərinə görə, sürətlə hərəkət edən avtomobillər səbəbindən heyvanların vurulması və tələf olması halları da yaşanır.

Sakinlər hesab edirlər ki, həm heyvanların, həm də insanların təhlükəsizliyi üçün bu məsələ ilə bağlı nəzarət və tədbirlər gücləndirilməlidir.

Qaz xətləri çəkilib, amma qaz yoxdur

Qurtuluş 93-də sakinlərin ən ciddi suallarından biri də qaz təminatı ilə bağlıdır.

Sakinlərin sözlərinə görə, ərazidə qaz xətləri çəkilsə də, yaşayış kompleksinə hələ də qaz verilməyib. Onlar bildirirlər ki, kupçaları və müvafiq sənədləri mövcuddur və buna görə qaz təminatının nə vaxt həyata keçiriləcəyi ilə bağlı aidiyyəti qurumlardan konkret cavab gözləyirlər.

Sakinlər üçün əsas sual isə dəyişmir: Əgər sənədlər qaydasındadırsa, qazın verilməsinə maneə nədir və bu problem nə vaxt həll olunacaq?

“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb”

Sakinlərin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi, qaz təminatının olmaması, yollar, yaşıllıqlar, parklar, təhlükəsizlik və digər məsələlərin eyni vaxtda problem yaratması Qurtuluş 93-də yaşayışı ciddi şəkildə çətinləşdirib.

Onlar bildirirlər ki, məsələ ayrı-ayrı sakinlərin şəxsi narazılığı kimi qiymətləndirilməməli, kompleks üzrə araşdırılmalıdır.

Sakinlər aidiyyəti qurumları Qurtuluş 93 ərazisinə baxış keçirməyə, problemlərin səbəblərini araşdırmağa və nəticəsi barədə ictimaiyyətə məlumat verməyə çağırırlar.

Patrul.az olaraq sakinlərin səsləndirdiyi iddiaları aidiyyəti qurumların diqqətinə çatdırırıq. Elektrik və qaz təminatı, yaşıllıqların vəziyyəti, park ərazilərində obyektlərin fəaliyyəti, yollar və təhlükəsizliklə bağlı səsləndirilən məsələlərə cavabdeh qurumların mövqeyini dərc etməyə hazırıq.

Məsələ açıq qalır: Qurtuluş 93 sakinlərinin problemləri nə vaxt həll olunacaq?

Aknews.az

Xəbərlər