Penitensiar Xidmətin əməkdaşı işə düzəltmək adı ilə vətəndaşdan pul alıb – İTTİHAM


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin “Umbakı” müəssisəsinin nəzarətçisi dələduzluqda ittiham olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Fərid həmin müəssisədə işlədiyi dövrdə tanışı Nemətin həyat yoldaşını Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinə nəzarətçi vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib, ondan 8000 manat alıb.

Fəridin barəsində Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Fərid elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, 2023-cü ildən 2025-ci ilin sonlarınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin “Umbakı” penitensiar müəssisəsinin rejim-nəzarət şöbəsində inspektor vəzifəsində işləyib, xüsusi rütbədə xidmət edib: “Nemətlə 2025-ci ilin təxminən yanvar-fevral aylarında tanış oldum. O, bir neçə dəfə həyat yoldaşını Penitensiar Xidmətə işə düzəltmək istədiyini söylədi”.

Təqsirləndirilən şəxs bildirib ki, 2025-ci ilin iyul ayında anasının səhhəti pisləşdiyindən və müalicəsinə pul lazım olduğundan Neməti aldadıb, ondan arvadını işə düzəltmək adı ilə pul almaq qərarına gəlib:

“Nemətə telefonda bildirdim ki, arvadını Penitensiar Xidmətin qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin birinə nəzarətçi işinə düzəldə bilərəm, buna görə 13000 manat pul verməlidir. Dedim ki, ilkin olaraq 8000 manat ver, iş düzələndən sonra 5000 manatı verərsən”.

Fəridin ifadəsinə görə, Nemətlə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Səma” adlı kafedə görüşüblər: “Ondan 8000 manatı aldım və həyat yoldaşını təxminən 1 ay müddətinə nəzarətçi işinə düzəldəcəyimi bildirdim. Nemət pulu verəndə telefonu ilə videoçəkiliş də apardı. Videoçəkiliş zamanı Nemətin verdiyi pulu ondan alaraq saydım və götürdüm. Pulu anamın müalicəsinə sərf etdim.

Nemət bir ay sonra işin düzəlmədiyini gördü, pulu geri istəməyə başladı. Mən isə pulu xərclədiyim üçün qaytara bilmədim. Nemətə həmin pulu konkret hansısa vəzifəli şəxsə verəcəyimi bildirməmişəm”.

Təqsirləndirilən şəxs ifadəsində vurulmuş ziyanın məbləğinı tam ödədiyin, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti olmadığını deyib. Həmçinin vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Nemət bildirib ki, Fərid onun həyat yoldaşını işə düzəlmək üçün müəyyən şəxslərlə dəqiqləşdirmədən sonra konkret məbləği deyəcəyini söyləyib: “Məsələni həll etmək və Fərid istədiyi zaman ona pul vermək üçün 2025-ci ilin may ayında bankdan 9000 manat kredit götürdüm. İyulda Fərid zəng etdi ki, həyat yoldaşımı işə düzəltmək məsələsi ilə maraqlanıb və 13000 manat pul lazımdı. Ona məbləği bir dəfəyə düzəldə bilməyəcəyimi söylədim.

Fərid təklif etdi ki, 8000 manatı əvvəlcədən verim, iş düzələndən sonra da 5000 manatı çatdıraram. Mən də razılaşdım. Bir həftə sonra bankdan kredit aldığım puldan 8000 manatı ona verdim. Fərid pulu alanda bir daha vəd verdi ki, arvadımı 1-2 ay ərzində qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin birində nəzarətçi vəzifəsinə işə düzəldəcək”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


Aknews.az

Xəbərlər