Bütün dünyada, xüsusilə inkişaf etmiş səhiyyə sisteminə malik ölkələrdə, səhiyyənin ən geniş səlahiyyətlərə malik həkimləri və sistemin əsas daşıyıcı sütunlarından biri daxili xəstəliklər mütəxəssisləridir — terapevtlərdir.
Türkiyədə mənim rezidentura təhsilim dövründə infeksion xəstəliklər, pulmonologiya, təcili yardım, reanimasiya, hemodializ, kardiologiya və digər şöbələrdə həkim çatışmazlığı yarandıqda daxili xəstəliklər rezidentləri və mütəxəssisləri həmin bölmələrə cəlb olunurdu və işlər tam şəkildə həyata keçirilirdi.
Mənim rezidentura illərimdə anesteziologiya rezidentlərinin sayı ciddi şəkildə azaldığı üçün üç il ərzində onların yerinə 24 saatlıq “mavi kod” növbələrinə çıxmışıq.
“Mavi kod” — xəstəxana daxilində ürək-ağciyər dayanması və ya həyat üçün təhlükəli kəskin pisləşmə zamanı üç dəqiqə ərzində hadisə yerinə çataraq təcili reanimasiya müdaxiləsi göstərən növbətçi həkim sistemidir.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir.
İcbari Tibbi Sığorta və TƏBİB-in dövlət xəstəxanalarında terapevtlərin səlahiyyətlərinə ciddi məhdudiyyətlər qoyulub. Bir analiz üçün endokrinoloqa, digəri üçün revmatoloqa, gastroenteroloqa, infeksionistə və s. göndəriş tələb olunur.
Nəticədə bir xəstənin ilkin , rutin terapevtik qiymətləndirilməsi üçün belə günlərlə vaxt lazım olur.
Açığı, düşünmək istəmirəm ki, qərarverici şəxslərimiz bunun fərqində deyillər.
Əgər məsələ daxili xəstəliklər mütəxəssislərinin xəstəni düzgün qiymətləndirməsinə güvənməməkdirsə, o zaman sual yaranır:
Bəs niyə üçüncü səviyyəli xəstəxanalarda terapevtləri işə götürürsünüz?
Əgər bir daxili xəstəliklər mütəxəssisi xəstəni kompleka şəkildə qiymətləndirə, ilkin diaqnostik yanaşmanı müəyyənləşdirə və lazım gəldikdə digər ixtisaslara yönləndirə bilmirsə, onun üçüncü səviyyəli xəstəxanadakı rolunun nə olduğu da ayrıca sualdır.
Məncə, bunun səbəbi daha bəsitdir:
Bir xəstəni mümkün qədər çox həkimə yönləndirməklə həm xidmət dövriyyəsini artırmaq vəya bezdirib qaçırmaq.
Əgər məqsəd həqiqətən xəstəyə keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdirsə, o zaman sistemin mərkəzində xəstəni bütöv şəkildə qiymətləndirə bilən, geniş klinik səlahiyyətlərə malik daxili xəstəliklər mütəxəssisi dayanmalıdır.
Əks halda xəstələr bir problemini həll etmək üçün bir həkimdən digərinə göndərilən, günlərlə vaxt itirən və sonda “dərdima çare tapılmır”, “ ölkədə həkim yoxdur” deyən narazı kütləyə çevrilir.
Ramin Cavadov
TEREF
Aknews.az