“Qəribə bir millətik” - Elmir Mirzoyevdən hicab müzakirələrinə münasibət


Xaricdə yaşayan azərbaycanlı bəstəkar, publisist və kulturoloq Elmir Mirzoyev məktəblərdə geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. O, Güney və Quzey Azərbaycandakı vəziyyəti müqayisə edib, “hicaba azadlıq” çağırışının nə demək olduğu barədə sual verib.
Musavat.com Mirzoyevin paylaşımını olduğu kimi təqdim edir:

Qəribə bir millətik.

Güneydə insanlarımız yarım əsrdir şəriət əsarətindən xilas olmağa çalışır. Onların xəyalı sekulyar cəmiyyətdə azad surətdə yaşamaqdır.

Quzeydə buna nail olunub, 30 ildən çoxdur müstəqil dünyəvi dövlətik, amma burada çadra davası gedir.

“Hicaba azadlıq” nə deməkdir, nə anlamına gəlir?

Ədəbiyyatda oksümoron adlı bir anlayış var. Bir-birinə zidd və ya bir-birini inkar edən iki sözün birləşərək yeni, paradoksal məna yaratmasıdır. Hicab (əslində çadra) əsla azad seçim, istək deyil, şərtdir (deyildiyi kimi, sadəcə geyim, paltar seçimidirsə, o zaman bu din deyil, modadır, çox rahat da dəyişə bilər). Əgər dini şərtdirsə, örtünmək, bağlanmaq deməkdirsə, o nə mənada azadlıq ola bilər?

Amma bu işlərin içində müsbət tərəflər də var. İndi israrla təhsil tələb edənlər keçən əsrin əvvəllərində Tağıyevin "Qızlar məktəbi"ni açmasına qarşı idilər. Tağıyev o məktəbi çox böyük çətinliklərdən, təhdidlərdən, təyziqlərdən sonra aça bilmişdi.

Tarix həqiqətən spiralvari gedir. Buna gözlərimizlə şahidlik etdik.

P. S. Uşaqları heç bir zaman heç bir ideologiyaya girov etmək olmaz, bu cinayətdir.

Aknews.az

Xəbərlər