Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket usullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil.
Nə vaxt ki, bir sahibkar öz zəhməti, xarici əlaqələri və strateji biznes resursları ilə milyonluq aktivlərə yiyələnirdi, həmin an Ramiz Mehdiyevin "canavarları" hərəkətə keçirdi. "Tovuz-Baltiya" şirkətinin rəhbəri Naiq Məmmədhəsənovun üzləşdiyi qanunsuzluqlar illərlə Azərbaycanın bank, icra və məhkəmə sistemini iflic etmiş dəhşətli şəbəkənin reketlik xəritəsidir.
İllərdir hüquqi müstəvidə təkbaşına döyüşən sahibkar Naiq Məmmədhəsənov, qarşı tərəf isə tez-tez adını dəyişən, 1994-cü ildə “ÜLPƏR bank”, sonra “Nikoil Bank”, indi isə “Yelo Bank” ASC-dir.
Naiq Məmmədhəsənovun hər cümləsində Ramiz Mehdiyev erasının repressiv addımları, "Nikoyl Bank"ın(“Yelo Bank”) arxasında gizlənən məkrli planlar və milyonlarla manatlıq konyak spirti strateji ehtiyatlarının yağmalanaraq “boz kardinal”ın Mehdiabaddakı şərab-konyak zavoduna daşınması cəhdi boy göstərir.
“Tovuz-Baltiya” belə yaranıb
Sahibkarın sözlərinə görə, hər şey 2000-ci illərin əvvəllərində başladı. Mərhum Prezident Heydər Əliyevin hakimiyyəti dövründə dövlət büdcəsinin valyuta ehtiyatları məhdud olduğu zamanlarda respublikada kənd təsərrüfatını, xüsusən toxumçuluğu xilas etmək üçün alternativ mexanizmlər axtarılırdı. Heydər Əliyev ölkəyə kartof toxumu gətirilməsi üçün strategiya müəyyənləşdirir - büdcədə nağd pul yoxdur; Azərbaycanın əvəzsiz konyak spirtini, şərablarını və pambığını xaricə çıxarın, əvəzində ölkəyə həyati əhəmiyyətli toxumlar gətirin.
Bu strateji missiyanın önündə duran əsas fiqurlardan biri də Baltik ölkələri ilə möhkəm biznes əlaqələrinə malik Naiq Məmmədhəsənov idi. İllərlə aparılan barter və ticarət əməliyyatları nəticəsində "Tovuz-Baltiya" şirkətinin anbarlarında Azərbaycanın qiymətli, unikal konyak spirti ehtiyatı toplanır. Bu, sadəcə spirt deyildi - milyonlarla dollar dəyərində strateji biznes aktivi, beynəlxalq bazarda qızıl dəyərində olan xammal idi.
Səhnəyə "Nikoyl Bank" (“Yelo Bank”) çıxır, Mehdiyevin hücum planı işə düşür
2007-ci ilin yay mövsümündən sonra, noyabr ayında yerli fermerlərin əlində qalan tonlarla nar, üzüm, meyvə-tərəvəz məhsulu çürümək təhlükəsi ilə üz-üzə qalır. Fermerlər məhsulu nə xaricə çıxara, nə də Bakıya çatdıra bilirlər. Məhsullar yolda xarab olur, ləngimələr yaşanır, sadə insanlar çox ağır iqtisadi duruma düşürdü. Naiq Məmmədhəsənov yerli istehsalçıya kömək etmək, tədarükü təşkil etmək məqsədilə maliyyə resursu cəlb etmək qərarına gəlir. Həmin vaxt səhnəyə Rusiya sərmayəli "Nikoyl Bank" (“Yelo Bank”) çıxır. O zaman bank rəhbəri olan Vasili Xamaza sahibkar Naiq Məmmədhəsənova sözün əsl mənasında gecə-gündüz təriflər yağdırır. "Biz banklarla işləyirik, heç bir problemimiz yoxdur", - deyən sahibkara bank rəhbərliyi inadla bildirir: "Sən lap gecə də olsa gəl, sənə nə vaxt istəsən kredit verəcəyik, VIP xidmət göstərəcəyik, güzəştli kreditlər ayıracağıq".
850 min manatlıq kreditə görə 9 milyon 350 min manatlıq girov!
Beləliklə, həmin ilin noyabrında "Nikoyl Bank"la(“Yelo Bank”) "Tovuz-Baltiya" şirkəti arasında 24 ay müddətinə, 12 ayı güzəştli olmaqla, illik 22 faizlə 850 min manatlıq kredit müqaviləsi bağlanır. Şərtlərə görə, sahibkar hər ay təxminən 15 min 533 manat faiz ödəməli idi. Lakin bank rəhbərliyinin niyyəti ilkin andan tam başqa idi. Onlar 850 min manatlıq kreditin qarşılığında sahibkardan tam 9 milyon 350 min manatlıq girov - həmin qiymətli konyak spirtini tələb edirlər.
Sahibkar Naiq Məmmədhəsənov kredit müqaviləsi üzrə öhdəlikləri rahat şəkildə yerinə yetirəcəyinə əmin olduğundan tələb olunan girovu təmin edir. Əslində isə 1-in 11-ə nisbətində girov tələb etmək hələ o vaxt bankçılıq norması deyil, açıq-aşkar "yağmalamağa hazırlıq" idi. Bankın məqsədi krediti geri almaq deyil, 9,3 milyonluq spirt aktivini "əngəlləmək" və mənimsəmək idi.
“Mehdiyevçi”lər hücumda - "Nikoyl Bank" 24 aylıq kredit verir və 5 ay sonra krediti geri təlb edir!
Kredit müqaviləsinin 5-ci ayında, sahibkar Naiq Məmmədhəsənov xaricdə işgüzar səfərlərdə olduğu vaxt, "Nikoyl Bank" gözlənilmədən onu məhkəməyə verir. Bəhanə? Güya "Tovuz-Baltiya"nın 130 min manat faiz borcu var. Ancaq hesablama aparıldıqda məlum olur ki, 5 ay üçün faiz borcu maksimum 75 min manat ola bilərdi. Bank rəsmi möhürlü cavabında "Tovuz-Baltiya" tərəfindən 149 min manat ödənildiyini etiraf etsə də, məhkəmə iddialarını geri çəkmir və saxta iddialarla girovda olan konyak spirti saxlanılan anbarları plomblatdırır.
Sahibkar borcu öz vəsaiti hesabına bağlamaq üçün girovdan kənarda qalan spirtin 1 vaqonunu Rusiyaya - Dağıstandakı məşhur "Kizlyar Konyak Zavodu"na göndərir. Həmin zavodla 4 milyon 220 min avro dəyərində böyük müqavilə imzalayır.
Bank sədri böhtan dolu məktub yazır…
Bundan xəbər tutan "Nikoyl Bank"ın rəhbəri Vasili Xamaza dərhal Dağıstan gömrüyünə yalan məlumat-xəbərdarlıq göndərir: "Bu mal keyfiyyətsizdir, spirtə kola qatılıb, saxlayın!"
Sahibkar malı beynəlxalq SGS (Société Générale de Surveillance) laboratoriyasının rəyi ilə göndərməsinə baxmayaraq, bankın müdaxiləsi ilə vaqonlar saxlanılır. Məsələ Naiq Məmmədhəsənovun iddiası əsasında Rusiya Arbitraj Məhkəməsinə gedir. Sankt-Peterburq Federal Akkreditasiya Laboratoriyası nümunələri yoxlayır və cavab verir: “Tovuz-Baltiya”nın “Kizlyar Konyak Zavodu”na göndərdiyi konyak spirti yüksək keyfiyyətlidir və bütün beynəlxalq standartlara cavab verir”.
Bank sədrindən daha bir böhtan məktubu…
Vaqonlar Kizlyardakı zavoda boşaldılır. Planlarının pozulduğunu görən "Nikoyl Bank"ın sədri Vasili Xamaza bu dəfə zavodun rəhbərliyinə rəsmi məktub yazaraq növbəti şantaja əl atır: "Naiq Məmmədhəsənov təhlükəli adamdır, Azərbaycandan çıxışına qadağa qoyulub, onunla işləməyin". Kizlyar zavodunun rəhbərliyi bu məktubdan sonra müqaviləni məcburi qaydada dayandırır.
Bank sədrindən etiraf: "Bu tapşırıq yuxarıdan idi, o mal sənin əlindən çıxmalı idi!"
Naiq Məmmədhəsənov məsələnin kökünə getdikdə və bankın o zamankı rəhbəri Vasili Xamaza(Azərbaycanda törətdiyi cinayətlərə görə hazırda İnterpolun “qırmızı bülleteni” ilə axtarışdadır – E.M) ilə söhbətlərində dəhşətli həqiqət üzə çıxır. Vasili Xamaza açıq şəkildə Ramiz Mehdiyevin maraqları çərçivəsində hərəkət etdiklərini etiraf edir: "Bu tapşırıq yuxarıdan idi, o mal sənin əlindən çıxmalı idi!"
Bankın arxasında gizlənən Mehdiyev klanının məqsədi bütün mümkün bəhanələrlə bankdan Naiq Məmmədhəsənovun şirkətinə verilən faizləri, dəbbə pulunu süni şəkildə artırmaq, borcun ödənilməsinə imkan verməmək və "Tovuz-Baltiya"nın əlində olan, unikallığı ilə seçilən konyak spirtini ələ keçirmək idi.
"Tovuz-Baltiya"nın anbarlarına “mehdiyevçi”lərin reyder hücumu
Bunun üçün "Tovuz-Baltiya"nın anbarlarına reyder hücumu təşkil olunur. Tovuz rayon icra məmuru Araz Zəhmətovun vasitəsilə girov adı ilə qanunsuz şəkildə plomblanan milyonlarla manatlıq konyak spirtinin "Tovuz-Baltiya" anbarlarından çıxarılaraq Bakının Mehdiabad qəsəbəsində yerləşən, Mehdiyevin ailəsinə məxsus konyak-şərab zavoduna daşınmasına cəhd edilir. Həmin Mehdiabaddakı konyak-şərab zavodu birbaşa Ramiz Mehdiyevin ailəsinə məxsusdur və zavoda Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyev patronajlıq edirdi!
"Nikoyl Bank"ın Hüquq Departamentinin müdiri və İdarə Heyətinin üzvü Zaur Abıyev (hazırda Ali Məhkəmənin hakimi olan Kamalə Abıyevanın yoldaşı) bu prosesin hüquqi maskalanmasını həyata keçirirdi. Bu yerdə haşiyəyə çıxaraq qeyd edək ki, sonradan Vəkillər Kollegiyasının üzvü olan Zaur Abıyev Ramiz Mehdiyevin həbsindən sonra onun vəkili olub!
Yəni bank sadəcə bir vasitə idi. Məqsəd Azərbaycanın zəhmətkeş sahibkarının illərlə yığdığı yüksək keyfiyyətli konyak spirti ehtiyatını Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyevin idarə etdiyi Mehdiabaddakı şərab-konyak zavoduna daşımaq, eyni zamanda Naiq Məmmədhəsənovun biznesini bütünlüklə ələ keçirmək olub.
Sahibkar hücumu dəf edir – “mehdiyevçi”lər əliboş qalır
Sahibkar Naiq Məmmədhəsənov bütün təzyiqlərə baxmayaraq geri çəkilmir. Konyak spirtini “Tovuz-Baltiya” şirkətinin anbarlarından çıxarılaraq Mehdiyevin zavoduna daşınmasına imkan vermir. Ardından o, "Nikoyl Bank"ı, Tovuz rayon icra məmuru Araz Zəhmətovu və Ədliyyə Nazirliyini Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə verir.
Bank məhkəməyə saxta arayışlar təqdim edərək iddia edir ki, girovdakı mal keyfiyyətsizdir və dəyəri borcu ödəmir. Məhkəmə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq komissiyası vasitəsilə ekspertiza təyin edir. Ekspertizanın nəticəsi bankın və Mehdiyev klanının ittihamlarını darmadağın edir: "Malın dəyəri girov qoyulan qiymətdən də artıqdır!"
Musavat.com xüsusi olaraq bu işi diqqətdə saxlayacaq və proseslərin gedişatını oxuculara çatdırmaqda davam edəcək.
(Ardı növbəti sayımızda)
E.Məmmədəliyev,
Musavat.com

