Vətəninfo.az xəbər verir ki, Dubay məhkəməsi “Rosneft”in keçmiş vitse-prezidenti İqor Soqlayevin iddiası əsasında həmyerlilərimizin- tanınmış azərbaycanlı iş adamları Etibar Əyyub və Tahir Qarayevin də aralarında olduğu cavabdehlərin 700 milyon dollardan çox aktivlərini dondurub.
Vətəninfo.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər veririk ki, Dubay məhkəməsi iki iri neft treyderinə və digər 13 cavabdehə qarşı baxılan mübahisə çərçivəsində 704 milyon dollaradək dəyəri olan aktivlər üzərində sərəncam verməyi qadağan edib. Sanksiyaya məruz qalan və məhkəmə çəkişməsində əsas fiqurlar qismində çıxış edən şəxslər arasında Rusiya neftinin ixracı üzrə dünyada ən iri şəbəkələrdən biri olan “Coral Energy” 2-RİVER ilə yaxından əlaqəli olan həmyerlilərimiz Etibar Əyyub və Tahir Qarayev də yer alıb.
Məlumatda deyilir ki,2023-cü ilin sonlarında İqor Soqlayev Andrey Romanovskinin rəhbərlik etdiyi Dubayın kiçik “Serene Resources” şirkətindən Rusiya dizel yanacağı almağa başlayıb. Soqlayevin iddiasına görə, Romanovski ona şirkətin beynəlxalq səviyyədə fəaliyyət göstərən iri “Coral Energy” 2-RİVER neft treyderləri şəbəkəsi ilə əlaqəli olduğunu bildirib. Lakin sonradan Romanovski məhkəmədə bu əlaqəni təkzib edib. Soqlayevin sözlərinə görə, o, 2024-cü ilin əvvəllərində “Coral Energy” 2-RİVER şəbəkəsinə daxil olan treyderlərlə əməkdaşlığı genişləndirib. Onun rəhbərlik etdiyi “DIA33” şirkəti şəbəkənin Braziliya bölməsi rolunu oynamalı idi-yəni Rusiya dizel yanacağını alaraq Braziliyanın icarəyə götürülmüş liman terminallarında saxlamaq və yerli distribyutorlara marja (əlavə dəyər) ilə satmaq nəzərdə tutulurdu.
Xəbərdə qeyd edilir ki,tərəflər arasındakı münasibətlər Braziliya limanlarının birində terminal operatorlarının Soqlayevin satmalı olduğu Rusiya dizel yanacağı ilə yüklənmiş köhnə tankeri qəbul etməkdən imtina etməsi səbəbindən pisləşib. Gəmi həftələrlə boş dayanaraq böyük maliyyə xərclərinə yol açıb.
Bundan sonra “Coral Energy” 2-RİVER şəbəkəsinin nümayəndələri Soqlayevi imkanlarını şişirtməkdə və yanacağı mənimsəməkdə ittiham ediblər. Onlar Dubay arbitraj məhkəməsinə müraciət edərək Soqlayevin əməliyyatda iştirak edən şirkətlərdən birinə 42 milyon dollar ödəməsinə nail olublar. Öz növbəsində, Soqlayev də Dubay və Braziliyada əks-iddialar qaldıraraq, tərəfdaşlığın onun kommersiya məlumatlarına çıxış əldə etmək üçün hiylə olduğunu, nəticədə müştərilərinin əlindən alınaraq biznesinin məhv edildiyini iddia edib. O, 500 milyon dollardan çox kompensasiya tələb edir.
Soqlayev həmçinin ölüm hədələri aldığını bildirib. Onun sözlərinə görə, azərbaycanlı iş adamı Etibar Əyyub ona zəng edərək onların münaqişəsini çeçen səhra komandiri ilə müzakirə etdiyini söyləyib.
İyun ayında Dubay hakimi Etibar Əyyuba, Tahir Qarayevə və digər 13 fiziki və hüquqi şəxsə mübahisəyə baxılan müddətdə 704 milyon dollaradək dəyəri olan aktivlər üzərində sərəncam qadağası qoyub.
Daha sonra hakim işə baxmaq üçün yerli yurisdiksiyanın olmadığını etiraf etsə də, Soqlayevin vəkili David Makkoy qərardan apellyasiya şikayəti verərək iddianın Dubay Beynəlxalq Maliyyə Mərkəzində baxılmasını tələb edib.
“Coral Energy” 2-RİVER şirkəti 2010-cu ildə azərbaycanlı iş adamı Tahir Qarayev tərəfindən təsis edilib. Ukraynadakı müharibənin başlamasından sonra bu şəbəkə ilə əlaqəli treyderlər Rusiya neftinin ixracı üzrə dünyanın ən iri vasitəçilərindən birinə çevriliblər. “WSJ” qeyd edir ki, “Rosneft” rəhbərliyi İqor Seçin əvvəllər işləmiş Qərb (İsveçrə və Britaniya) treyderlərini əvəz etmək üçün məhz Etibar Əyyub və Tahir Qarayevə tapşırıqlar verib.
2024-cü ildə “Coral Energy” adını “2Rivers Group” olaraq dəyişdirsə də, sənaye daxilində və Qərb rəsmiləri arasında şəbəkə hələ də “Coral Energy” adlandırılır.
Şəbəkə Rusiya neftini hər il on milyardlarla dollar dəyərində daşıyan tanker donanmasının (siz “kölgə flotu” oxuyun) mühüm hissəsini idarə edir.
Həm Etibar Əyyub, həm də Tahir Qarayev Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır.
Redaksiyadan:
Qeyd edək ki, Tahir Qarayev, Əhmək Kərimov, Tələt Səfərov, Anar Mədətli və Etibar Əyyub son üç ildir ki, Avropa və Böyük Britaniyanın davamlı sanksiyalarına məruz qalırlar. Avropa Birliyində və İngiltərə parlamentində bu şəxslərin əməlləri ilə bağlı Azərbaycan dövləti əleyhinə mənfi fikirlər formalaşdırılıb.
Tam üç ildir ki, Qərb mediası bu şəxslərin fəaliyyətinə görə məhz Azərbaycan dövlətini və dövlətçiliyini hədəf alır. Əgər bəhs olunan şəxslər Azərbaycan vətəndaşlarıdırsa, o zaman haqlı olaraq sual yaranır: görəsən, dövlətin müvafiq qurumları bu şəxslərin qlobal miqyasda ölkəmizin adına kölgə salan əməlləri ilə bağlı hansı rəsmi addımlar atıb və ya atmağı düşünür?
Aknews.az