İlham Əliyev yeni seçilmiş Roma Papasını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu ünvanlayıb.[/b[b]]
Aknews.az
President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-müqəddəsləri. Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.

Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcək.

Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".

Xəbərlər