Məmmədov Müzəffər Kamil oğlu və Əzizov Şamil Eldar oğlunun sifarişi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, giriş 4 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verilib.
Yeniavaz.com xəbər verir ki, yaşayış məntəqələrinin torpaqları üzərində inşa olunan və ümumi sahəsi 179,73 kvadratmetr olan obyekt 1 mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 13 aprel 2026-cı il tarixli, 11911 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının oğludur və eyni zamanda ekologiya və təbii sərvətlər nazirinin müşaviridir. Müzəffər Məmmədov isə uzun illər Eldar Əzizovun tabeliyində müxtəlif vəzifələrdə işləmiş tanınmış memar Kamil Məmmədovun oğludur.
Qeyd edək ki, Eldar Əzizov 2000-2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olduğu zaman Kamil Məmmədov bu rayonun baş memarı olub. Daha sonra Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olduğu zaman Kamil Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində baş rəssam, baş memarın müavini, Memarlıq və Tikintiyə Dövlət Nəzarəti Müfəttişliyinin rəisi vəzifələrində işləyib. Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olduqdan sonra, 2011-2016-cı illərdə Kamil Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətində Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini olub. Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olduqdan sonra Kamil Məmmədov Səbail rayonunun baş memarı, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduqdan sonra isə Bakı Şəhər Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.

