Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aknews.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.