Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla bağlı növbəti məhkəmə prosesi keçirilib.
Aknews.az-ın məlumatına görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şikayətçilərin vəkili vəsatət qaldırıb. O bildirib ki, son zamanlar İsfəndiyar Axundovla bağlı onlarla vətəndaşın şikayəti var və bu hallar İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə edilməlidir.
İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib.
O, özünü ittihamlarda təqsirli bilməyib və bildirib ki, məqsədi insanlara kömək etmək olub:
"Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, bununla Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablandıra bilmirəm. Çünki savadım yoxdur".
Məhkəmənin növbəti prosesi 5 iyunda keçiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.