Hakan Fidan Moskvada Putinə Ərdoğanın mesajlarını çatdırdı


Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və mühüm mesajlarını Rusiya liderinə çatdırıb.
Aknews.az xəbər verir ki, bu barədə Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə keçirdiyi mətbuat konfransında danışıb.

"Sergey Lavrova göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm. Təxminən bir ildən sonra yenidən Moskvada olmaqdan məmnunam. Dünən bizim üçün əhəmiyyətli görüşlər oldu. Prezident Putin məni qəbul etdi. Cənab Ərdoğanın salamlarını və dəyərli mesajlarını ona çatdırdım. Həmçinin, İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Vladimir Medinski və digər rəsmi şəxslərlə də görüşlərimiz oldu", - deyə Fidan bildirib.

Nazir qeyd edib ki, 26 mayda baş tutan görüş zamanı o, Prezident Ərdoğan üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələləri Putinin diqqətinə çatdırıb. Xüsusilə, Rusiya ilə Ukrayna arasında davam edən danışıqların nəticə verməsinin vacibliyini vurğulayıb.

"İstanbulda keçirilmiş danışıqları müzakirə etdik və bu görüşlərin Türkiyədə davam etdirilməsi ilə bağlı istəyimizi qarşı tərəfə bildirdik. Biz Ankarada bu istiqamətdə istənilən dəstəyi verməyə hazır olduğumuzu bəyan etdik", - deyə Fidan əlavə edib.

Xəbərlər