Yaponiyanın Osaka şəhərində baş tutan "Sumo Expo 2025" sərgisində 2026-cı ildə Bakı keçiriləcək sumo üzrə dünya çempionatının təqdimatı keçirilib.
Aknews.az xəbər verir ki, sərgidə iştirak edən 158 ölkədən yalnız beşi - Azərbaycan, Ukrayna, Monqolustan, Seneqal və Yaponiyadan olan peşəkar idmançılar, rəsmi nümayəndələrlə tədbirdə bir araya gəliblər.
Tədbirin əsas məqsədi 2026-cı ildə Bakıda keçiriləcək Sumo üzrə Dünya Çempionatının təbliği və bu yarışa qlobal marağın artırılması olub.
Azərbaycanı sərgidə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası təmsil edib. Assosiasiyanın vitse-prezidenti Ülvi Ağamirov sərgidə çıxış edərək çempionatın rəsmi PR videosunu təqdim etməklə yanaşı, maskot AZUMO-nu ictimaiyyətə tanıdıb və hər kəsi Bakıya dəvət edib.
Həmçinin Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Osakada "Expo Azerbaijan" pavilyonunun direktoru Əvəz Muradov və onun komandası da tədbirdə iştirak ediblər. Diqqət çəkən məqamlardan biri də Yaponiyanın ən nüfuzlu 12 universiteti arasında keçirilən sumo çempionatında Azərbaycan Sumo yığmasının üzvü Cavid Yusifovun iştirak etməsi olub. O, açıq çəki kateqoriyasında ilk görüşündə Yaponiya universitetləri üzrə çempion olmuş rəqibini məğlub edərək, ölkəmizi böyük fəxrlə təmsil edib.
"Sumo Expo 2025" həm idman, həm də mədəniyyət sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi üçün əvəzolunmaz platforma olub. Tədbir Azərbaycan idmanının dünya səhnəsində mövqeyinin daha da güclənməsinə mühüm töhfə verib.